BDU rəsmisi koronavirusa görə dərslərin dayandırılmasına aydınlıq gətirdi

BDU rəsmisi koronavirusa görə dərslərin dayandırılmasına aydınlıq gətirdi

“Əyani tədris bərpa olunandan indiyə kimi Bakı Dövlət Universitetində (BDU) yeddi qrup üzrə dərslər onlayn formada keçirilir”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, BDU-nun mətbuat katibi Günel Orucəliyeva bildirib.

Onun sözlərinə görə, 2021/22-ci tədris ilinin payız semestrində Bakı Dövlət Universitetinin bütün fakültələrində tədris növbəli şəkildə hibrid formada - mühazirələr həftədə iki gün olmaqla “BLACKBOARD” elektron təhsil sistemi üzərindən onlayn, məşğələ və laboratoriya dərsləri isə həftədə üç gün olmaqla əyani (ənənəvi) şəkildə təşkil olunur:

“Ənənəvi şəkildə tədris “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın tələblərinə ciddi riayət olunmaqla həyata keçirilir.

BDU-nun ərazisində fəaliyyət göstərən poliklinikanın həkimləri ənənəvi tədris prosesinə cəlb olunublar. Onlar müəllim və tələbələrinin sağlamlığına müntəzəm olaraq nəzarət edirlər”.

“Bu günədək BDU-da təhsilalanlar arasında hər qrupda bir nəfər olmaqla yeddi müxtəlif qrupda COVID-19 virusu aşkarlandığı üçün bütün dərslər 14 gün müddətinə onlayn formaya keçirilib”, - deyə o qeyd edib.

İlhamə Əbülfət

Mənbə: www.oxu.az