Tələbələri arasında koronavirus aşkarlanan universitetlər - SİYAHI

Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə sentyabrın 29-dan ali təhsil müəssisələrində ənənəvi tədris bərpa edilib. İndiyədək ali məktəblərin əksəriyyətində tələbə və müəllimlər arasında koronavirusa yoluxma halları qeydə alındığından bir çox qruplar distant təhsilə keçib. COVID-19-a yoluxanlar 14 günlük karantin müddətini bitirdikdən sonra yenidən təhsillərini davam etdirə bilirlər.

“Report” ali təhsil müəssisələrində koronavirus səbəbindən distant təhsilə keçən qruplar barədə araşdırma aparıb.

Tədrisin bərpasından sonra Bakı Mühəndislik Universitetində (BMU) təhsil alan tələbələrin cəmi 3 nəfərində koronavirus əlamətləri aşkarlanıb. BMU-dan “Report”un sorğusuna cavab olaraq bildirilib ki, həmin tələbələr dərhal nəzarətə götürülüb, müvafiq tibb mərkəzinə müraciət olunub və analizlər götürülüb: “Hər 3 tələbədə yoluxma aşkarlanıb və 14 gün müddətinə onların dərslərdən kənarlaşdırılması qərarı verilib. Hazırda koronavirus aşkarlanan tələbələrin təhsil aldıqları qruplar nəzarətdə saxlanılır və əlavə hər hansı yoluxma qeydə alınmayıb. Universitetdə pandemiyadan müdafiə məqsədi ilə Nazirlər Kabinetinin qaydalarına ciddi şəkildə riayət olunur. Qərarın tələblərinə uyğun şəkildə BMU-da çalışan professor-müəllim heyəti və işçiləri vaksinasiya olunub.

Bununla yanaşı, kənar şəxslərdən BMU-ya gələrkən girişdə vaksin pasportu, immun və əks göstəriş sertifikatı tələb olunur. Əgər qeyd olunan müvafiq sənəd varsa, BMU-ya daxil olmasına icazə verilir. Əks halda universitet ərazisinə girişə icazə verilmir. Bununla bərabər BMU-ya daxil olan şəxslərin hərarətləri elektron termometrlə ölçüldükdən sonra universitetə buraxılır, fiziki məsafə gözlənilir və şəxsi gigiyena qaydalarına ciddi nəzarət olunur”.

Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) verilən məlumata görə, hazırda təhsil ocağında müxtəlif təhsil pillələrində 20 363 nəfər tələbə təhsil alır: “29 sentyabrdan etibarən dərslər ənənəvi qaydada keçirilməyə başlanıb. Dərslər hibrid formada həm onlayn, həm ənənəvi şəkildə təşkil olunur. Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün qaydalarına əməl olunur. Ötən dövr ərzində 14 qrupda COVID-19-a yoluxma faktı qeydə alınıb. Universitetin poliklinikası və şəhər epidemioloji mərkəzin fəaliyyəti ilə son təmas günü müəyyən edilib və qruplar 14 gün müddətinə distant təhsilə keçirilib. 14 gün bitdikdən sonra yoluxmuş tələbə yenidən test verir və neqativ cavab çıxdıqda dərsə qayıdır. Artıq 2 qrup bu dövrü bitirib ənənəvi təhsilə geri dönüb. Tələbələr arasında virusu ağır keçirən yoxdur. Tədris bu qaydalarla davam etdirilir”.

Azərbaycan Dillər Universitetindən (ADU) bildirilib ki, tədris prosesi Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin mövcud təlimatlarına əsasən təşkil olunub: “Tədris zamanı bütün karantin qaydalarına riayət olunur. COVID-19-a yoluxma halı təəssüf ki, bütün orta və ali təhsil müəssisələri kimi Azərbaycan Dillər Universitetində də var. Həmin tələbələr karantinə alınıb. Yoluxan tələbələrin qayıbının nəzərə alınmaması məsələsi tamamilə əsassızdır. Virusa yoluxma haqqında sənəd təqdim edən tələbələrin qayıbı nəzərə alınacaq. Bu, təlimata əsasən indi yox, semestrin sonunda həyata keçirilir. Hazırda vurisa yoluxan tələbələrin sayı 14-dür. 3 qrup isə müvəqqəti olaraq distant təhsilə keçib”.

Bakı Dövlət Universitetinin (BDU) 7 qrupunun tələbələri arasında koronavirus aşkarlanıb. Həmin qruplar 14 gün müddətinə distant təhsilə keçib.

Azərbaycan Tibb Universitetində (ATU) 5 qrupda tələbələr arasında koronavirusa yoluxma halı qeydə alınıb. Həmin qruplar distant təhsilə keçib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) üç qrup distant təhsilə keçib: “Hər qrupda bir nəfərdə koronavirusa yoluxma aşkarlandığı üçün həmin qruplar tədrisə onlayn formada davam edir. Həmin qrupların olduğu fakültə dekanlığı mütəmadi olaraq virusa yoluxan tələbələrlə əlaqə saxlayıb vəziyyətləri ilə maraqlanırlar. Həmin qruplarda başqa tələbələrdə virusa yoluxma aşkarlanmayıb”.

Azərbaycan Texniki Universitetində (AzTU) 3 tələbədə koronavirus aşkarlanıb: “Bu səbəbdən həmin tələbələrin təhsil aldığı qruplar distant təhsilə keçib. Ancaq universitetdə yoluxma kütləvi deyil. Virusa yoluxan tələbələrin vəziyyəti normaldır”.

Sumqayıt Dövlət Universitetində (SDU) 2 qrup yoluxma səbəbindən distant təhsilə keçib: “Digər fakültələrdə az sayda tələbə yoluxduğundan qrup bağlanmadan, tələbələr 14 günlük izolyasiyaya göndərilib”.

Azərbaycan Dövlət İqtisad Universiteti və Mədəniyyət və İncəsənət Universitetində isə distant tədrisə keçən qrup olmayıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

“Azərbaycan heç bir şərt qoymadan bütün erməni əsirləri dərhal azad etməlidir” – Saakyan SƏRSƏMLƏDİ

SONRAKI XƏBƏR

Şirinyandan Moskvaya tərif: "Ruslar, ruslar, ancaq ruslar!"