Yaralansa da, yenidən döyüşlərə qatılan şəhidin xatirəsi yad edilib

Yaralansa da, yenidən döyüşlərə qatılan şəhidin xatirəsi yad edilib

Cəlilabad rayonunda Vətən müharibəsi şəhidi Taleh Əlizadənin xatirəsi yad edilib.

"Report"un Muğan bürosunun məlumatına görə, onun şəhidlik zirvəsinə ucalmasının birinci ildönümü ilə əlaqədar yaşadığı Alar kəndində anım mərasimi keçirilib.

Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, rayon rəsmiləri və sakinlər iştirak edib.

İldönümü günündə şəhidin döyüş yolundan, onun Vətən müharibəsində nümayiş etdirdiyi igidlik, şücaət və qəhrəmanlığından söz açılıb. Bildirilib ki, T.Əlizadə hələ kiçik yaşlarından Vətənə bağlılığı ilə seçilib.

Daha sonra şəhidin məzarı ziyarət edilib, məzarı üzərinə tər güllər düzülüb və ruhuna dualar oxunub.

Qeyd edək ki, Taleh Zaur oğlu Əlizadə 1995-ci il noyabrın 29-da Cəlilabad rayonunun Alar kəndində anadan olub. 2002-ci ildə Alar kənd 2 saylı tam orta məktəbə daxil olub. 2013 –cü ildə həmən məktəbin məzunu olub. 2014-cü ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılıb, 2015-ci ildə hərbi xidmətini başa vuraraq ehtiyata buraxılıb. 2020-ci ilin sentyabrın 27-də Vətən müharibəsinin başlaması ilə döyüşlərə qoşulan Taleh Əlizadə Füzuli istiqamətində gedən doyüşlər zamanı ayaq və baş nahiyəsindən yaralanır və hərbi hospitala yerləşdirilir. Buna baxmayaraq, o yaralansa da döyüşlərdə iştirak etmək niyyətində olduğunu bildirir. Nəhayət, 8 günlük müalicədən sonra oktyabrın 12-də o, yenidən döyüşlərə qatılır.

T.Əlizadə oktyabrın 18-də Cəbrayılda şəhid olub. Oktyabrın 20-də isə yaşadığı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda göstərdiyi misilsiz şücaətlərinə görə Taleh Əlizadə Prezident İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Taleh Əlizadə ailəli idi, onun bir oğul övladı yadigar qalıb.

Allah rəhmət eləsin!

Mənbə: report.az