Bakıətrafı nəqliyyat problemi necə həll edilə bilər?

Bakıətrafı nəqliyyat problemi necə həll edilə bilər?

Hazırda əlimizdə mövcud infrastruktur var. Biz bunu bir az daha əlçatan etsək, insanların səfərlərini daha konfortlu edə bilərik.

Bu sözləri Axar.az-a nəqliyyat eksperti Rauf Ağamirzəyev Bakıətrafı kəndlərdə nəqliyyat problemlərindən danışarkən deyib.

“Biz bilirik ki, 2015-ci ildən etibarən Xırdalan-Bakı-Sumqayıt xətti üzrə elektrik qatarı işləyir, amma təəssüf ki, Xırdalan stansiyası özü əlçatan deyil. İnsanların rahat gediş-gəlişi üçün əldə olan nəqliyyat imkanlarından az istifadə olunur. Xırdalandan Bakının mərkəzinə 15-20 dəqiqəyə çatmaq mümkündür. Əgər stansiya ətrafında Nəqliyyat Mübadilə Mərkəzi (HUB) qurulsa, bu, insanların daha rahat hərəkət etməsini təmin edə bilər”, - ekspert bildirib.

R.Ağamirzəyev qeyd edib ki, “Dərnəgül” stansiyasının yanında da HUB tikilsə, yaşıl xətlə hərəkət edən, Elmlər Akademiyasına gedən sərnişinin “28 May”a birbaşa gəlməsinə ehtiyac olmaz:

“Yəni ki, bu məsələdə təkcə avtobusun yox, mövcud infrastruktur varsa, onun təkmilləşdirilməsi də təklif edilməlidir. Sözsüz ki, avtobuslar da yenilənməlidir. Bakıətrafı ərazilərdə sıx məskunlaşma var və bu da öz növbəsində şəhər ilə əlaqəni labüd edir”.

Mənbə: axar.az