“Range Rover”lə 4 nəfərin ölümünə səbəb olsa da, özünü təqsirli bilmir

“Range Rover”lə 4 nəfərin ölümünə səbəb olsa da, özünü təqsirli bilmir

Novxanı-Sumqayıt yolunda avtomobillə qəza törədək, dörd nəfərin ölümünə səbəb olan iş adamı, “Əlincə” futbol klubunun prezidenti Elşad Kəlbəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən iclasda prokuror ittiham aktını elan edib.

İttihamda göstərilib ki, 14 iyun 2021-ci ildə Binəqədi rayonunun Novxanı bağlar sahəsində E.Kəlbəliyev sərxoş vəziyyətdə idarə etdiyi “Range Rover” markalı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozub.

Yorğun və əzgin vəziyyətdə qaydalara əməl etməyərək, qarşısını almaq imkanı olduğu halda sağlamlığa ağır zərər vurmaqla və avtomobilə maddi ziyan vurmaqla Cinayət Məcəlləsinin 263.1.4-cü  (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma) maddəsinin tələblərini pozub.

Nəticədə E.Kəlbəliyevin idarə etdiyi avtomobillə Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobillər toqquşub. E.Kəlbəliyev “Daewoo Damas” markalı avtomobildə olan Bakı şəhər sakinkəri Murad Ziyadov, Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlovun sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurmaqla onların ölümünə səbəb olub.

Elşad Kəlbəliyev elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib.

Tərəflər əvvəlcə zərərçəkmiş şəxslərin hüquqi varislərinin dindirilməsi barədə razılığa gəliblər.

Növbəti məhkəmə baxışı noyabrın 5-ə təyin olunub.

Qeyd edək ki, E.Kəlbəliyev “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkənidir. O, hadisədən sonra istintaqa cəlb edilərək həbs olunub. Hadisədə ölən şəxslərin hüquqi varisləri E.Kəlbəliyevlə barışıblar.

Xatırladaq ki, ailə bu hadisədən bir ay keçməmiş daha bir qəza xəbəri ilə gündəmə gəlib. Belə ki, iyulun 5-də Məhərrəm Novruzovun həyat yoldaşı, E.Kəlbəliyevin qayınanası Gülnar Hüseynova da “Mercedes Galandewagen”lə Abşeronda qəza törədib, nəticədə iki nəfər yaralanıb.

Mənbə: qafqazinfo.az