Hindistanda bir milyarddan çox insan koronavirusa qarşı vaksinasiya olunub

Hindistanda bir milyarddan çox insan koronavirusa qarşı vaksinasiya olunub

Bakı, 21 oktyabr, AZƏRTAC

Hindistanda milyarddan çox insan koronavirus əleyhinə ən az bir doza peyvənd olunub.

AZƏRTAC NDTV telekanalına istinadla xəbər verir ki, bu barədə Hindistanın səhiyyə naziri Mənsuh Mandaviya özünün tviter səhifəsində yazıb.

Beləliklə, Hindistan milyarddan çox insanın peyvənd edildiyi ikinci ölkə olub. Sentyabrın əvvəlində Çində də analoji göstərici əldə edilmişdi.

Səhiyyə Nazirliyinin məlumatına görə, Hindistanda yetkinlik yaşına çatan əhalinin 75 faizi peyvəndin bir dozasını, 31 faizi isə hər iki dozasını vurdurub.

Nyu-Dehli şəhərində bu hadisənin şərəfinə 1,4 min kiloqram ağırlığındakı ən böyük milli bayraq qaldırılacaq.

Qeyd edək ki, Hindistan COVID-19 infeksiyasına yoluxma hallarına görə ABŞ-dan sonra dünyada ikinci yerdədir. Pandemiyanın statistikasını aparan Worldometer saytının məlumatına əsasən, pandemiyanın əvvəlindən bəri Hindistanda koronavirusa 34 milyon 127 mindən çox yoluxma və 452 min 844 ölüm faktı qeydə alınıb. Həmçinin 33 milyon 495 min nəfər COVID-19 infeksiyasından sağalıb, müalicəsi davam edənlərin sayı isə 178 min nəfərə enib.

 

Mənbə: azertag.az