Şəhidimizin il dönümü qeyd olunub

Şəhidimizin il dönümü qeyd olunub

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyi Vətən müharibəsində qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri Elnur Fəxrəddin oğlu Ağaəhmədovun il mərasimində iştirak ediblər. Şəhidin məzarı ziyarət olunaraq, onun ruhuna dualar oxunub, məzarı üzərinə qərənfillər düzülüb.

Sonra şəhidimizin evinə baş çəkilib, onun keçdiyi qısa və şərəfli ömür yolundan danışılıb.

E. Ağaəhmədov 28 iyun 1998-ci il Xızı rayonu Sitalçay hərbi şəhərciyində hərbiçi ailəsində dünyaya göz açıb. Elə kiçik yaşlarından o da atası kimi hərbiçi olmaq arzusunda oub. O idmanla məşğul olaraq, fiziki gücünü artırmaq üçün böyük səylər göstərib. Elnur 2004-2015-ci illər C.Novruz adına Sitalçay kənd 1 saylı orta məktəbində təhsil almış, ali məktəbə qəbul olsada təhsilini davam etdirməyib. 2016-cı ildə həqiqi hərbi xidmətə yollanan Elnur 2017-ci ildə Xüsusi Təyinatlı Qüvvələrin çətin kurslarından məharətlə keçərək N saylı hərbi hissədə xidmətə başlayıb. Bununla da onun uşaqlıq arzusu gerçəkləşib.

Azərbaycan Ordusunun kiçik giziri olan Elnur Ağaəhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur oktyabrın 26-da Xocavənd döyüşləri zamanı Qırmızı Bazar istiqamətində qəhrəmancasına şəhidlik məqamına ucalıb.

Elnur Xızı rayonu Sitalçay kənd qəbirstanlığında dəfn olunub. Şəhidimiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən torpaqlarımızın işğaldan azad olunmasında döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyi, mərdliyi və cəsarətinə görə ölümündən sonra "Vətən uğrunda”, "İgidliyə görə”, "Cəbrayılın azad olunmasına görə","Kəlbəcərin azad olunmasına görə” "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

Mənbə: xeberle.com