Vətən müharibəsində ermənilərin dağıtdığı ev yenidən tikilib

Vətən müharibəsində ermənilərin dağıtdığı ev yenidən tikilib

Goranboyda Vətən müharibəsi dövründə dağılmış evlərdə təmir-bərpa işləri aparılır.

Report-un Qərb Mərkəzinin məlumatına görə, 44 günlük Vətən müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonları artilleriya qurğularından və ballistik raketlər kompleksindən atəşə tutaraq dinc əhalini və mülki obyektləri hədəf aldı. Erməni silahlı dəstələrinin həyata keçirdiyi insanlığa və heç bir müharibə qaydalarına sığmayan terrorlar nəticəsində onlarla günahsız dinc sakin dünyasını dəyişib, yüzlərlə fərdi yaşayış evləri, sosial, iaşə və xidmət obyektlərinə ciddi ziyan dəyib.

Erməni terrorçularının atdığı raketlərdən biri Goranboyun Tap Qaraqoyunlu kənd sakini Rahilə Abbasovaya məxsus fərdi yaşayış evinə düşüb.

R.Abbasova bildirib ki, raket düşən zaman xəsarət alan olmasa da, ev tamamilə yararsız hala düşüb: "Vətən müharibəsi zamanı ermənilərin atdığı mərmilərdən biri bizim evə düşdü və evimizi dağıtdı. Şükürlər olsun ki, mərmi düşən zaman xəsarət alan olmadı. Lakin ev yaşamaq üçün tamamilə yararsız hala düşdü. Müharibənin ilk günlərində kəndimiz düşmən tərəfindən ağır atəşə tutuldu. Bu kənddə bir çox evlərə zərər dəydi, xəsarət alanlar, şəhid olanlar oldu. Şükür, bizim ailədə xəsarət alan olmasa da, düşmən mərmisindən evimizə zərər dəydi. Dam örtüyü dağılmışdı, aynabənd və bir otağın pəncərələri sınıb, divarları çatlamışdı".

Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə yaradılan Dövlət Komissiyasının yekun qərarından sonra evlərin və obyektlərin bərpa-tikinti işlərinə başlanıldı. Ölkə başçısının tapşırığına əsasən, ziyan dəyən tikililər bərpa edilərək sakinlərin ixtiyarına verilib. İstifadəyə verilən evlərdən biri də R.Abbasovaya məxsus fərdi yaşayış evidir.

O, dağılan evinin yenidən tam şəkildə tikilərək istifadəsinə verildiyi üçün əməyi olanlara təşəkkür edib: "İlk olaraq, Ali Baş Komandan İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya ailəmizin adından təşəkkür edirəm, sağ olsunlar. Elə müharibə gedə-gedə aidiyyəti qurumların nümayəndələri gəlib kənddə evlərinə zərər dəymiş sakinləri siyahıya aldılar. Müharibə başa çatdıqdan sonra da gəlib evlərimizi təmir elədilər. Çox sağ olsun dövlətimiz, dövlət başçımız. Onların sayəsində hazırda 4 otaqlı evim tam təmir olunub və burada rahat şəkildə yaşayırıq".

Məlumat üçün bildirək ki, Vətən müharibəsi zamanı ümumilikdə 11 şəhər və rayon ərazisində 13 000-dən çox tikiliyə ziyan dəyib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında 11 300 yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri artıq yekunlaşdırılıb. Digərlərində işlər planlaşdırılmış qrafik üzrə sürətlə aparılır və onların da yaxın zamanda tamamlanaraq mərhələli şəkildə təhvil verilməsi, sakinlərin rahat həyat şəraitinə qaytarılması üçün bütün zəruri qüvvələr cəlb edilib.

Mənbə: press.az