6 saat toy eləmək olar, 2 saat yas keçirmək olmaz? - Deputatdan açıqlama

6 saat toy eləmək olar, 2 saat yas keçirmək olmaz?  - Deputatdan açıqlama

İki ilə yaxındır ki, ölkədə yas mərasimlərinin keçirilməsinə qadağa tətbiq olunub. Toy şənliklərin keçirilməsi ilə bağlı məhdudiyyətlər aradan qaldırsa da, hüzr mərasimlərinin təşkilində olan qadağalar hələ də qüvvədədir.

Bu məsələ çoxsaylı müzakirələrə səbəb olub. Hətta belə fikir var ki, toy mərasimlərində olan say məhdudiyyətini yaslarda da tətbiq etməklə qadağanı aradan qaldırmaq olar. İnsanlar haqlı olaraq soruşurlar ki, 5-6 saatlıq toy məclislərinin keçirilməsinə icazə verilirsə, 2 saatlıq hüzr məclisinə niyə icazə verilmir?

Maraqlıdır, bu məhdudiyyətlər yumşaldıla bilərmi?

Azərbaycanda yas mərasimləri ilə bağlı qadağalar nə vaxt ləğv olunacaq?

Milli Məclisin deputatı Məlahət İbrahimqızı Yenisabah.az-a açıqlamasında bunun ən çox müzakirə olunan məsələ olduğunu deyib:

“Yasların keçirilməsi bu gün ictimaiyyətdə ən çox müzakirə olunan məsələlərdən biridir. Fikirlərlə razıyam. Haqlıdırlar. Bu gün toylara icazə verirlər. Sözsüz ki, toylar və digər xeyir işlərdə məhdud sayda şəxslərin iştirakına icazə verilir. Lakin yas məclislərinə icazə verilmir. Çünki yas yerində karantin qaydalarını qorumaq çox çətin olur. Toyda hər hansı qayda pozuntusu olanda heç olmasa, cərimələr tətbiq olunur, hansısa bir iradlar tutulur. Lakin yas mərasimində yaxınını itirən birinə cərimə tətbiq etmək, irad tutmaq asan deyil. Hüzrü olan insanı necə cərimələmək olar?

Toy belədir ki, xeyir işdir. Xeyir işdə olan şəxs karantin qaydaların pozarsa, onların cərimələnməsi həmin şəxslərə hər hansı bir kədər, ağır cəza kimi görünmür. Sözsüz ki, xeyir işlərdə də qaydaları pozmaq yolverilməzdir. Bu mövcud qanunvericiliyə ziddir. Və bununla bağlı müvafiq cəza tədbirləri tətbiq olunur”.

Deputatın sözlərinə görə, yas mərasimlərində ciddi karantin qaydlarının tətbiq edilməsi mümkün deyil:

“Ona görə də, belə narazılqılar olmasın deyə yas mərasimlərinin keçirilməsinə icazə verilmir. Onsuz da Operativ Qərargah və müvafiq qurumlar buna icazə verməsələr də təbii ki, ailə üzvləri fərdi qaydada başsağlığına gələnləri qəbul edirlər. Bunda heç bir problem yoxdur. Yas mərasimlərində ciddi karantin qaydalarının tətbiq edilməsi mümkün olmur. İki ilə yaxın müddət ərzində bütün bunlar təcrübədən keçib”.

M.İbrahimqızı yas mərasimlərinə gələnlərin sayını tənzimləməyin mümkün olmadığını qeyd edib:

“İnsanlar toy məclislərinə dəvət olunurlar. İştirakçıların sayını tənzimləmək mümkündür. Lakin yas mərasimləri dəvətlə keçirilmir. Gələnlərin sayını tənzimləmək mümkün deyil. Bu sahədə idarəolunmaz vəziyyət yarana biləcəyindən yas mərasimlərinin keçiirlməsi müvəqqəti dayandırılıb. Çox güman ki, qarşıdakı aylarda ölkəmizdə həyat bütün axarı ilə yenidən davam edəcək”.

Nəzrin Vahid

Mənbə: yenisabah.az