Sabir Rüstəmxanlıdan bu şəxslərə sərt sözlər: "Guya mən..."

"Dünən AzTV- nin bütünlükdə yaxşı düşünülmüş "Oxuyur Vətən" layihəsindən Zəngilanda çəkilmiş parça haqqında kiçik bir qeyd yazdım. Düşmənin viran qoyduğu yurd yerındə oxunmaq üçün daha uyğun mahnı seçmək olardı, dedim. Bu, mənim şəxsi fikrimdir. Bu təsnifi Əlibaba Məmmədovun yazdığını da bilirəm. Mərhum Xudayarın da ifasını dinləmişəm. Onu yada salmaq borcumuzdur. Elnur Qədirovun işinin ümumi dəyərini azaltmaq niyyətim yoxdur, Babək də təsnifi gözəl oxuyur. Mənim iradım ayri şeyədir. Demişəm ki, təsnif üçün yer düzgün seçilməyib. Boş kilsədə violençalin qəmli səsini yada salaq... İşğalçı özünü əzabkeş yerinə qoymuşdu. Dağılmış yurdlarımızın kədərinə, ruhuna uygun olmayan hər bir çalğı, istər-istəməz, adamı qıcıqlandırır, şit görünür, hətta bir dahi bəstəkar tərəfindən yazılıb, ondan da dahi müğənninin ifasında səslənsə də".

Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Sabir Rüstəmxanlı qalmaqala səbəb olan və AzTV tərəfindən sərt şəkildəqınanılan fikirlərinə aydınlıq gətirərkən yazıb. Feysbuk səhifəsində yenidən bu mövzuya toxunan Sabir Rüstəmxanlı əlavə edib:

"Yorumların əksəriyyətində mənim niyyətim düzgün qəbul edilir. Ancaq elə yorumlar da var ki, adama toxunur, cavabsız qoymaq olmaz. Bilmirəm, bəlkə də yeni nəslin bizlərdən xəbəri yoxdur, haqqımızda qeybətdən başqa heç nə eşitməyiblər, heç nə oxumayıblar. Biri yazır ki, guya deputatlar bütün problemləri həll ediblər, qalır bu məsələ, biri yazır niyə Əlibaba Məmmədovun təsnifinə diringi deyirsiniz, bu muğam parçasıdır, toxunmaq olmaz, bir başqası yazır ki, yaxşı olar seçildiyiniz rayonun problemlərindən danışasınız, başqası " boşboğaz millət vəkilləri"sözünü atır ortaya; bir xanım da elə hesab edir ki, güya mən AzTV- də çıxış üçün darıxmışam, bu tənqidlə özümü yada salıb televiziyaya çıxmaq istəyirəm. Bir yorumda isə lap gül vurublar: "Sabir Rüstəmxanlı kimi yazıçısı olan cəmiyyətdən nə gözləyirsiniz?"

Hər bir yazı və müəllif haqqında tənqidi rəy bildirmək olar, lakin ədalətlə, sayqı hissini itirmədən. Bizdə bəziləri sanki fürsət gözləyirlər, biri bir söz deyən kimi yer-yerdən, kin-küdrətlə, qıcanmış dişlər və həqiqətdən uzaq mülahizələrlə düşsünlər ortaya... Belələrinin kimliyini və nəyə xidmət etdiklərini yaxşı bilirəm. Görəsən bu xanımlar və bəylər hansı əsasla belə hesab edirlər ki, millət vəkili ancaq seçildiyi bölgənin çətinliklərindən danışmalı, başqa problemlərə toxunmamalıdır. Axı xalqın dərdləri qala-qala belə kiçik şeylərlə niyə baş qoşursunuz deyənlər də var. Mən ağlım kəsəndən doğulduğum kənddən başlamış bütün millətimin, insanın problemlərindən danışır və yazııram. Kimsə buna müdaxilə edə bilməz. İkincisi "boşboğaz millətvəkilləri" deyən gərək ad çəksin, belə ümumi ittiham məsuliyyət tələb edir, dövlətin mühüm bir qurumuna seçib-ayırmadan damğa vurmaq olmaz. Üçüncüsü, mənim AzTV ilə heç bip incikliyim yoxdur, qələbədən sonra ora ən çox dəvət olunanlardan biri mənəm və yeri gəlmişkən deyim ki, çox vaxt televiziyalardan qaçıram, qoy tamaşaçı yeni simalar görsün, deyirəm. Nəhayət, mənim yazıçılığımı bəyənməyən şəxsə bildirmək istəyirəm ki, mənim qətiyyən hamının xoşuna gəlmək, hamı tərəfindən bəyənilmək iddiam yoxdur, sözüm də, işim də göz qabağındadır, cəmiyyətin bəlası mənim kimi yazıçı yox, bilmədiyi şeylərdən danışıb qərəzlə kin saçanlardır... Bir daha deyirəm, erməni vəhşiliyini göstərmək üçün musiqi də bir vasitədir. Lakin nə qədər ki, o yerlər bərpa olunmayıb, hələ oranı təmizləyənlərdən minaya düşənlər var, o qanlı yurdlarda səslənən müsiqilərimiz xüsusi diqqətlə seçilməlidir..."

Publika.az

ƏVVƏLKİ XƏBƏR

İtaliya Afrikanın 7 ölkəsinə girişi qadağan edib

SONRAKI XƏBƏR

Makron BƏƏ, Qətər və Səudiyyə Ərəbistanına səfər edəcək