“Qara cümə”nin qaranlıq tərəfləri: üstünə də Azərbaycan reallığını gəlin

“Qara cümə”nin qaranlıq tərəfləri: üstünə də Azərbaycan reallığını gəlin

Son illərdə ölkəmizdə də geniş yayılan bu kampaniyanın məqsədi nədir?
Müasir dövrümüzdə marketinq cəmiyyətin gündəlik həyatının çox ciddi və əhəmiyyətli sahələrindən birinə çevrilib. Artıq neçə illərdir ki, dünyanın aparıcı təhsil ocaqları marketoloqlar hazırlayır, nəhəng şirkətlər isə marketinq sahəsinə böyük vəsaitlər yatırır və uğura aparan yolda məhz onu əsas vasitə kimi dəyərləndirir.
Demək olar ki, hər gün - bunu istəsək də, istəməsək də - biz də marketinq siyasətlərinin iştirakçısına çevrilirik. Çünki marketinqin bilavasitə ünvanı elə biz, potensial alıcılarıq. Və hər kəs də hadisələrin bu axarı ilə barışıb, razılaşıb: satanlar mallarını sırımaq haqqına malikdirlər və bu məqsədlərinə çatmaq üçün istənilən vasitələrdən istifadə etmək hüququna sahibdirlər.
Bir qədər diqqətli olsaq, istənilən marketdə bizə qurulan marketinq torlarının bəzilərini asanlıqla sezə bilərik. Məsələn, çörək-bulka məmulatları. Böyük marketlərdə bu gün daxil olan məhsullar bir qayda olaraq nisbətən daha köhnə (əlbəttə ki, istifadə müddəti hələ bitməmiş) məhsulların altında “basdırılır”. Bəzi alıcılar bunun fərqinə varmır, elə üstdə olanı götürüb kassaya yaxınlaşır. Bu da, əlbəttə ki, satan tərəfə daha çox sərf edir.
Və yaxud nəzər saldığımız çörək şöbəsinin nə üçün marketlərin girəcəyində yer almadığı barədə heç düşünmüşükmü? Halbuki, bu da sadə marketinq gedişidir. Bir çörək almaq üçün dükana daxil olan şəxs qeyri-ixtiyari az qala dükanın bütün sahəsini qət etməli olur. Və bu yolu qət edərkən gözlərini yummur, onu əhatə edən piştaxtalara, bu piştaxtalarda sərgilənən məhsullara nəzər salır. Nəticədə, çox zaman əvvəlcədən planlaşdırılmadığı şeylərə pul xərcləyir.
Eyni məqsədlə marketlərin keçidləri darısqal, arabalarla sürətlə hərəkət etmək üçün əlverişsiz şəkildə nəzərdə tutulur. Və belə üsullar çox saydadır. Məqsəd isə birdir: alıcıdan mümkün qədər çox pul qoparmaq.
Dünyaca məşhur marketinq gedişlərindən biri də “Qara cümə”dir (Black Friday). Ənənənin təməli okeanın o tayında qoyulub. Belə ki, bu, ABŞ-da noyabr ayının dördüncü cümə axşamı günü qeyd olunan Şükran günündən sonrakı cüməyə verilən qeyri-rəsmi bir addır. 1952-ci ildən bəri Şükranlıqdan sonrakı gün Amerikanın Milad alış-veriş mövsümünün başlanğıcı kimi qəbul edilib.
“Qara cümə” günü bir çox mağazada yüksək səviyyədə təşkil olunan endirimlər təqdim edilir və mağazaların açılışı çox erkən saatlara, bəzən də gecə yarısına təsadüf edir. Hətta bəzi hallarda mağazalar endirimləri Şükran günü axşam saatlarında başladır. Həmin gün məşhur şirkətlər öz məhsullarını 80%-ə qədər güzəştlə satır.
Bəs son illərdə Azərbaycanda da müşahidə edilən bu kampaniyanın məqsədi nədir? Nəzəri cəhətdən – konkret məhsulların, brendlərin və mağaza şəbəkələrinin reklamı. İdealda alıcı məhdud sayda böyük güzəştlə təqdim edilən malları əldə etməli, daha sonra isə bazarın reklam qanunları işə düşməlidir. Dünyanın bir çox yerlərində belə də olur. Amma Azərbaycanda...
Burda iki məqamı qeyd etmək zəruridir:
Birinci məqam ondan ibarətdir ki, bəzən satış şəbəkələri alıcıları çox bəsit surətdə aldadır. “Qara cümə”yə bir müddət qalmış bəzi məhsulların ənənəvi satış qiymətləri süni surətdə artılır. Daha sonra isə, kampaniya çərçivəsində, “endirilir” - əslində isə elə ənənəvi satış qiymətinə satılır.
İkinci bir məqam isə təqdim olunan mallarla əlaqədardır. Adətən qeyd olunan dövrdə endirim əsasən köhnə modelləri əhatə edir. Başqa sözlə desək, satıcının başından etmək istədiyi malları. “Ucuz almaq” niyyətini şüar edərək ticarət şəbəkələrinə yollanan alıcıların isə çox az bir qismi “fantastik” endirimlər ecazından xilas olmaq və əldə etdiyi malı real qiymətləndirmək iqtidarında olur. Nəticədə satış şəbəkələri istəklərinə nail olur. Və bunun da mədəni adı “düşünülmüş marketinq siyasəti” qoyulur.
Əlbəttə ki, “Qara cümə”də real və faydalı mallara da endirimlər olur. Amma Azərbaycanda müşahidə edilən budur ki, hələ “Qara cümə” məsələsində də dünyanın aparıcı ölkələrindən xeyli geridəyik. Amma nə qədər dünya var, cümələr də olacaq. Necə deyərlər, ümid sonuncu ölür. Odur ki, ümid edək: gün gələcək, Azərbaycanda da “Qara cümə” qara çalarlarından qurtulacaq.
Müəllif: Polad Xudayarlı

Mənbə: teref.az