Azərbaycanın ən kriminal və ən təhlükəsiz bölgəsi HARADIR?

Azərbaycanın ən kriminal və ən təhlükəsiz bölgəsi HARADIR?

Hər gün demək olar ki, Bakı da daxil olmaqla, Azərbaycanın müxtəlif bölgələrində baş verən kriminal hadisə və insidentlərlə bağlı məlumat alırıq. Yüngül, ən ağır və qatı cinayətlərə görə ölkənin kriminal, yaxud təhlükəsiz regionunu müəyyənləşdirmək mümkündür.

Bizim.Media Daxili İşlər Nazirliyi və Statistika Komitəsinin təqdim etdiyi məlumatlara əsaslanaraq kriminal və təhlükəsiz bölgələri müəyyənləşdirib.

Statistikaya görə, Bakı Azərbaycanın ən kriminal bölgəsi hesab edilir.


2021-ci ilin ilk 6 ayında qeydə alınan cinayət hadisələrinin sayı son illərlə müqayisədə çoxalıb. Ötən ilin birinci yarısında Azərbaycanda 13 min 310 cinayət törədilibsə, bu il həmin göstərici 14.928-ə yüksəlib, yəni 12 faizdən çox artıb. Toplam cinayət sayının artması ilə yanaşı, ağır və xüsusilə ağır cinayət sayında da artım gözə çarpır.

Ağır cinayət sayında 40 faizə yaxın artım var. Ötən ilin ilk 6 ayında ölkədə 1.618 ağır və özəlliklə ağır cinayət törədilmişdisə, bu il həmin müddətdə 2.236 bənzər cinayət hadisəsi baş verib.

Ötən il Bakıda il ərzində 11704 cinayət hadisəsi qeydə alınıb. İkinci yerdə isə Abşeron rayonudur. Statistikaya görə, kriminal hadisələrin çox olduğu üçüncü bölgə Xızı rayonudur. Dördüncü yerdə isə Astara və Biləsuvar rayonları dayanır. Kriminal hadisələrin ən çox baş verdiyi 5-ci yer isə Lənkəran rayonudur.

Statistikaya görə, Azərbaycanda ən təhlükəsiz bölgə Naxçıvan Muxtar Respublikası hesab olunur.

Ölkənin cinayət xəritəsini Bizim.Media-ya şərh edən keçmiş polkovnik, kriminalist Mahmud Hacıyevin sözlərinə görə Naxçıvan hələ Sovetlər Birliyindən kriminogen vəziyyəti sabit olan bölgə kimi tanınıb:

“Hər tərəfi bağlı və əhalisi hər zaman blokada şəraitində yaşayıb. Hər yerdən izolyasiya olan bölgələrdə hər zaman kriminogen durum sabit olur. Çünki baş verən cinayəti belə bölgələrdə tez açmaq mümkündür. Giriş-çıxışa nəzarət var.

Bakıya gəlincə, bu miqrasiyanın sıxlığından asılıdır. İstər cinayət tərkibli əməllər, istərsə də inzibati xətalar həmişə çox olur. Bilirsiz ki, torpaqlarımızın işğalından sonra Bakıya kütləvi axın oldu. 1 milyon yarımlıq şəhər haradasa 3-4 milyona yaxın insanla sıxlaşdı. Bu da cinayət təhlükəli əməllərə sövq edir. Bu baxımdan uzaq bir regionu Bakı ilə müqayisə etmək doğru olmaz”.


Mahmud Hacıyev Daxili İşlər Nazirliyinin hazırki fəaliyyətindən razılığını da dilə gətirib:

“Vilayət Eyvazov nazir təyin olunandan işini alqışlamaq lazımdır. Üstəlik mətbuat xidməti operativ və şəffaf fəaliyyəti ilə seçilir. Hələ Elşad Hacıyevi demirəm. Daxili İşlər Nazirliyi üçün o zabit yaxşı mənada tapıntıdır. O qədər səlist, təmkinli və səbirlə izahlar verib danışır ki, mən keçmiş polkovnik olaraq ona həsəd aparıram. Emossional reaksiya vermir. Bu isə nazirlik üçün böyük göstıricidir”.

Alçina Amilqızı

Mənbə: bizim.media