Ələt qəsəbə sakinlərinin problemləri - VİDEO

Ələt qəsəbə sakinlərinin problemləri - VİDEO

Qaradağ rayonu Ələt qəsəbəsi Eduard İmanov küçəsindəki sakinlər çətinliklər cəngində boğulurlar. Əli ətəyində qalan bu biçarələr Ələtin bitib-tükənmək bilmiyən çatışmazlıqlarından nə qədər danışsalar da ürəkləri soyumur ki soyumur. Bir yandan baxanda axı necə soyusun. Zirzəmisi su ilə dolu binalar, istiliyə həsrət qalıb üşüyən sakinlər, yağış yağanda daman damlar,oynamağa yer tapmayan uşaqlar, oturmağa sınıq salxaq da olsa belə tapılmayan skamyalar və s. Sakinlərin sadaladıqca davamı gələn çatışmazlıqları bu qəsəbənin ürəkyandıran durumunu nümayiş etdirir.

Hələ çəkilişdən sonra qolumdan yapışıb danışan ananın baxışlarındakı çarəsizliyi demirəm. Bizdən bir neçə metr aralıdakı daşı göstərərək “bax qızım hava almaq üçün həyətə düşəndə oturmağa yer tapmıram. Bu yaşımda əyilib o daşların üstündə otururam. Axı bir skamya nədir ki, onu bizə çox görürlər.” dedi. Şikayətçilər bildirirlər ki, çölün havası ilə müqayisədə evin daha soyuq olması körpələrin xəstələnməsinə səbəb olur. Üşüməmək üçün üst geyimlərini əyinlərindən çıxarmayan sakinlərin rahatlığı ərşə çəkilib. Əslinə baxanda həlli mümkün olan bu problemlər müşkülə çevrilib. Qəsəbəyə unudulmuş bir görkəm qatıb.

Məsələ ilə bağlı aidiyyatı qurumlarla əlaqə saxladıq. 132 saylı mənzil-komunal istismar sahəsinin rəisi Bədirağa Bədirov bildirdi ki, hazırda Azəristilik təchizat açıq səhmdar cəmiyyəti tərəfindən adı çəkilən ünvanda işlər aparılır. Bir neçə gün ərzində binalar istiliklə təmin olunacaq. Eyni zamanda Qaradağ rayon sukanal idarəsi tərəfindən lazimi materiallar sifariş edilib və 50 illik istismar müddəti bitmiş çuqun borular plastik borularla əvəz olunacaq. Bədir müəllim həmçinin qeyd etdi ki, sakinlər tərəfindən gələn şikayətlərə əsasən binaların dam örtüklərinə mütəmadi baxış keçirilir. Ehtiyac yarandığı halda isə örtüklər təmir olunur.

Qaradağ rayonu mənzil-kommunal təsərüffatı birliyindənsə sakinlərin istirahəti üçün böyük parkın salınması və qapalı stadionun tikintisinin gələn ilin 1-ci rübünə təsadüf edəcəyi bildirildi. İşlərin gecikmə səbəbininsə ərazidəki bəzi texniki problemlərlə əlaqəli olduğu deyildi.

Qaradağ rayon sukanal idarəsindən aldığımız məlumata görə isə sözügedən binaların altına yığılan maye heç də kanalizasiya suyu deyil. Qurumdan həmin suların qurunt suları olduğu bildirilir. Qurunt sularının təmizlənməsi əslində sukanal idarəsinin vəzifəsi olmasa da qurum vətəndaşların xahişini nəzərə alaraq mütəmadi olaraq suyun kənarlaşdırmasını həyata keçirir. Belə bir təşəbbüs gələn həftə də baş tutacaq, yəni zirzəmiyə toplanan suyun kənarlaşdırılması həyata keçiriləcək.

Sözlər verildi. Qaldı o sözlərə əməl etmək. Tezliklə bu vədlərin xoş nəticəsini göstərmək ümidilə...

Mənbə: www.realtv.az