Vətənin 19 yaşlı qəhrəmanı - VİDEO

Vətənin 19 yaşlı qəhrəmanı - VİDEO

44 günlük vətən müharibəsində qanı ilə tarix yazan qəhrəmanlardan biri də Məmmədov Pərvin Natiq oğludur. 2001-ci ildə Xaçmaz rayonunun Şıxlar kəndində dünyaya göz açan Pərvinin hələ uşaq yaşlarından hərbiyə marağı olub. Valideynlərinin sözlərinə görə, 2019-cu ildə hərbi xidmətə yollanan Pərvinin ən böyük arzusu düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad etmək idi.

Pərvin Məmmədov Vətən müharibəsinin ilk günündən döyüşlərə qoşulub. Qəhrəman əsgər Talış kəndi və Suqovuşan uğrunda şiddətli döyüşlərin iştirakçısı olub. Müharibənin ilk günlərində ayağından yaralansa da, döyüşə davam edib. Gənc qəhrəman Suqovuşan istiqamətində şəhidlik zirvəsinə ucalıb.

19 yaşında şəhidlik zirvəsini fəth edən qəhrəman Məmmədovlar ailəsinin yeganə oğul övladı idi. Vətən Müharibəmiz zamanı qanı ilə tarix yazan Pərvin Məmmədov bu gün tək ailəsinin deyil, hər birimizin qüruruna çevrildi.

Qeyd edək ki, bu gün Pərvin Məmmədovun şəhadətindən bir il ötür. Gənc yaşında adını müasir tariximizə qızıl hərflərlə yazdıran qəhrəman mərazı başında yad edildi. Onu da bildirək ki, Pərvin Natiq oğlu Məmmədov Vətən Müharibəsində göstərdiyi şücaətinə görə, Vətən Uğrunda, Suqovuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.

Mənbə: www.realtv.az