Risk qrupunda olan COVID xəstələrinin müalicəsi yalnız həkim tərəfindən aparılmalıdır

Risk qrupunda olan COVID xəstələrinin müalicəsi yalnız həkim tərəfindən aparılmalıdır

Yeni növ koronavirus (COVID-19) xəstələrinin sayı artanda evdə müalicə alan xəstələrin də sayı çoxalır. Xəstəliyi yüngül keçirənlərin əksəriyyətinə evdə təcrid olunaraq müalicə almaq tövsiyə edilir. Belə olan halda xalq təbabətinə müraciət edənlərin sayı da artır.

Milli.Az bildirir ki, həkim-fitoterapevt Fizuli Hüseynovun AZƏRTAC-a verdiyi məlumata görə, istənilən xəstəliyə qarşı xalq təbabəti üsullarından istifadə etmək mümkündür: "Xəstəliyin əlaməti baş verəndə dərhal ona qarşı müalicəvi tədbir görmək lazımdır. İmmun sistemi yüksək səviyyədə olanda hər hansı infeksiyaya qarşı cavab verə bilir. Onu gücləndirmək üçün qarazirə, udi hindi, zəncəfil, güldəfnə, çobanyastığı bitkilərindən istifadə etmək olar. Xəstəlik vaxtı zoğal mürəbbəsi ilə çay içilməsinin çox böyük faydası var. Zəncəfil çayı içilməsi də çox səmərəli təsir göstərir".

COVID-19 xəstələri həkim müayinəsindən sonra evdə müalicə olunacaqsa, təyin olunan dərmanlar qəbul etməlidir. Bəzi hallarda belə xəstələr lazım gəldi-dəlmədi, müxtəlif dərmanlardan, o cümlədən antibiotiklərdən istifadə edirlər. Ancaq həkim təyinatı olmadan hər hansı dərmanın qəbul edilməsi yolverilməzdir. Onun dediyinə görə, bəzən yanlış aparılan müalicə ağır fəsadlara səbəb olur: "Yanaşı xəstəliklər çox olanda, xəstənin yaşı çoxdursa, risk faktoru, piylənmə və s. varsa, COVID xəstəliyinin gedişi də ağır olacaq. COVID testi pozitiv çıxan risk qrupunda olan bütün xəstələrin müalicəsi yalnız həkim tərəfindən aparılmalıdır. Belə şəraitdə gecikmək, özbaşına türkəçara üsullardan istifadə etmək, hər hansı dərman vasitələrini qəbul etmək qəti qadağandır".

Evdə müalicə alan xəstələr qızardılmış və duzlu yeməklərdən uzaq olmalı, çoxlu maye, mürəbbəli-limonlu çaylar, duru xörəklər qəbul etməli və tərkibində çoxlu vitaminlər olan meyvə və tərəvəzlərdən istifadə etməlidirlər. Koronavirus xəstəsi olan otağın havası da tez-tez dəyişdirilməlidir.

Mənbə: news.milli.az