Altsheymer xəstəliyi qadınlar arasında daha çox yayılıb

Altsheymer xəstəliyi qadınlar arasında daha çox yayılıb

Altsheymer xəstəliyinin risk faktorları arasında yaş və gender ön sıralardadır. Araşdırmalara əsasən, 65 yaşdan yuxarı şəxslərin həmin xəstəliyə yoluxma riski daha yüksəkdir. Bununla yanaşı, Altsheymer xəstəliyinə yaşı 65-dən aşağı olanlarda da rast gəlinir. Təəssüf ki, Altsheymer xəstəliyi başlanğıc mərhələdə xəstə və yaxınları tərəfindən müəyyən edilə bilmir. Xəstəlik adətən gec başladığı və 60-65 yaşlarına təsadüf etdiyi üçün, həmin xəstələrin unutqanlığı, yorulması yaşla əlaqədar rutin hal kimi qəbul olunur. Lakin bir müddət sonra xəstə iş yolunu, qazı söndürməyi, yaxınlarının adlarını unuda bilir. Yalnız bu simptomların kəskinləşdiyi dövrdə xəstələr həkimə müraciət edirlər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Respublika Klinik Xəstəxanasının həkim-nevroloqu Aytən Hüseynova Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin feysbuk səhifəsində Altsheymer xəstəliyi barədə danışarkən deyib.

Həkim-mütəxəssis qeyd edib ki, qadınlar arasında Altsheymer xəstəliyi kişilərə nisbətən daha çox yayılıb: "Bunun səbəbi qadınların ümumi yaşam müddətinin kişilərlə müqayisədə daha çox olmasıdır. Yəni, yaşlı qadınların sayı yaşlı kişilərdən daha çoxdur. Altsheymer yaşı 65-dən aşağı olanlarda irsi xəstəlik kimi baş qaldıra bilər. Əgər birinci dərəcəli qohumlardan kimsə bu xəstəlikdən əziyyət çəkibsə, həmin şəxsdə xəstəliyin aşkarlanması riski digərləri ilə müqayisədə iki dəfə çoxdur. Yəni, irsi faktoru mütləq nəzərə almaq lazımdır. Həmçinin şəkərli diabet xəstələrinin, hipertensiyası və ya kəllə-beyin travması olanların da Altsheymer xəstəliyinə tutulma ehtimalı yüksəkdir".

Mənbə: news.milli.az