Bu şəhərlərdə ölmək yaşamaqdan daha asandır - Fotolar

Bəzən insanlar böyük şəhərlərdən qaçmağa can atır. Səbəb isə çox sadədir - böyük şəhər sakinləri sıxlıqdan, hündür binalardan, ən çox da tıxaclardan yorulur, bezir. Yay tətilini fürsət bilənlər, ilk imkandaca rayonlara, təbiətin qoynuna qaçır.

"Qafqazinfo"nun məlumatına görə, dünyada elə şəhərlər var ki, sadaladığımız problemlər həmin yerlərdə olanların yanında problem belə sayılmır. Bəhs edəcəyimiz şəhərlərdə ölmək yaşamaqdan daha asandır.

Çerrapunci (Hindistan)

Şəhər dünyanın ən yağışlı yeri Hindistanın Banqladeşlə sərhəddə yerləşən Meqhalaya əyalətindədir. Şəhər cənub-qərbdən Hindistana gələn mussonların yolunda, gələn buludların bir növ hunisini meydana gətirən dağların labirintinin düz ortasında yerləşir. Burada gündəlik orta yağıntı təxminən 3 sm-dir.

Şəhərin strateji cəhətdən əlverişli yerləşdiyini nəzərə alan ingilis kolonistləri 19-cu əsrin əvvəllərində Çerrapuncidə hərbi baza tikiblər. Lakin şəhərdə məskunlaşan ingilis məmurları arasında intihar nisbəti qeyri-adi dərəcədə yüksək olduğundan, onlar tezliklə bu təşəbbüsdən əl çəkməli olurlar. Hərbçilər depressiyadan əziyyət çəkirdilər və evlərinə günəşli İngiltərəyə getməyi xahiş ediblər. İqlim yerli sakinlərə belə təsir göstərməyib və etmir.

Çerrapuncidə əsas problemlərdən biri içməli suyun olmamasıdır. Şəhərin yerləşdiyi dağ, əsasən əhəng daşından ibarətdir və bütün rütubət qayadan təhlükəsiz şəkildə süzülüb Banqladeşi su altında saxlayır.

La-Rinkonada (Peru)

Dünyanın ən yüksək dağlıq koloniyası olan La Rinkonada Boliviya ilə sərhəddən 20 kilometr aralıda, 5400 metr yüksəklikdə Peru And dağlarında yerləşir. Belə hündürlükdə gündüz temperaturu adətən sıfırdan yuxarı qalxmır, gecələr isə daima sıfırın altında olur.

Yemək üçün yararlı bitkilər burada bitmir, havası seyrəkləşir, oksigen çatışmazlığından insan çox tez yorulur. La Rinkonada sakinləri dağ yamaclarında yuva salan kazarmaya bənzər metal daxmalarda yaşayırlar.

Şəhərdə otaq icarəyə götürə biləcəyiniz yeganə yer fahişəxanadır. Burada həm sanitar xidmət, həm də kanalizasiya sistemi yoxdur və zibil sadəcə olaraq küçələrə atılır və ya yandırılır. Yollar müntəzəm olaraq çirkab və kanalizasiya ilə örtülür, torpaq və su civə ilə çirklənir.

Eyni zamanda, son on ildə şəhər güclü əhali axını yaşayıb. Dağlarda qızıl mədəni aşkar edildikdən sonra buraya 50 minə yaxın insan gəlib.

La Rinkonada iqlimi insanların daimi yaşaması üçün nəzərdə tutulmayıb. Hər kəs ağciyər xəstəliyinə tutulma, asfiksiya, sinir sisteminin zədələnməsi və ya zəhərlənmə riski altındadır. Hündürlük insana son dərəcə mənfi təsir göstərir - ağciyər ödemi, qan laxtalanması, böyrək çatışmazlığı - bütün bu xəstəliklər La Rinkonada geniş yayılıb.

Şəhərdə yeganə əyləncə alkoqolizmdir, ona görə də burada sərxoş döyüşlərdə ölüm nisbəti çox yüksəkdir.

San-Pedro-de-Atakama (Çili)

Dünyanın ən quru yeri olan Atakama səhrasının kənarında yerləşən qəsəbə Çilidə üçüncü ən çox ziyarət edilən turizm məkanıdır. Çoxları bura sadəcə su və bitki örtüyü olmayan və heç yağış yağmayan şəhər salmağın nə üçün lazım olduğunu anlamaq üçün gəlir. Bu, mübaliğə deyil.

Təzyiq sistemlərinin və geoloji xüsusiyyətlərin qeyri-adi birləşməsi səhra üzərində buludların əmələ gəlməsini sözün əsl mənasında qeyri-mümkün edir. Atakamada mikroblar belə yaşamır və səhranın ortasında ölsəniz, vücudunuz çürüməz.

San-Pedro-de-Atakama yaxınlığında hələ də su var, lakin arsenlə zəhərləndiyi üçün tamamilə istifadəyə yararsızdır. Onun tərkibi ölümcül dozanı 60 dəfə üstələyir. Yerlilərə gəlincə, əsrlər boyu bədənlərində arsenizə qarşı immunitet yaranıb.

Turistləri bu şəhərə nə cəlb edir? Bunu anlamaq çətindir. Burada gecə həyatı yoxdur, yerli qanunlar gecə içməyi və sərxoşluğu qadağan edir. Şəhərin yaxınlığında yalnız qəribə formalı boş yamaclara və kraterlərə baxmaq olar.

Dallol (Efiopiya)

Bu gün Dallol xəyal şəhəridir, lakin insanlar burada 50 il əvvəl yaşayırdılar. Keçən əsrin 60-cı illərində bir Amerika şirkəti burada karbonat çıxarmaq qərarına gəlib, lakin sonradan istehsalı dayandırıb.

Dallolda davamlı zəlzələlər, vulkanik fəaliyyətlər, qum fırtınalar olur.

Buna baxmayaraq, şəhərin yerləşdiyi Afar çökəkliyi bəşəriyyətin doğulduğu yerlərdən biri hesab olunur.

Emin Səfərov

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Metroda qatarlar gecikdi, sərnişin sıxlığı yarandı - AÇIQLAMA

SONRAKI XƏBƏR

Alimlər: Günəşdə partlayış “internet apokalipsisi”nə gətirəcək