Daşkəsəndə COVID-19-a qarşı peyvəndləmə və dezinfeksiya işləri davam etdirilir

Daşkəsəndə COVID-19-a qarşı peyvəndləmə və dezinfeksiya işləri davam etdirilir

Daşkəsən, 30 noyabr, Elcan Məmmədov, AZƏRTAC

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində tapşırıq və göstərişlərinə uyğun olaraq Daşkəsən Rayon İcra hakimiyyəti tərəfindən rayon ərazisində pandemiyaya qarşı kompleks tədbirlər davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan profilaktik işlərin effektivliyinin yüksəldilməsi, rayon ərazisində tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlərin intensivləşdirilməsi məqsədilə rayon Gigiyena və Epidemiologiya Mərkəzinin dezinfektorları, kommunal təsərrüfat xidmətinin əməkdaşları xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə Daşkəsən şəhərinin əsas küçə və yollarında, yaşayış binalarında, bazar ərazisində, bankomat və ödəniş terminallarında, məişət tullantılarının atıldığı konteynerlərdə, idarə, müəssisə və təşkilatların inzibati binalarında, təhsil müəssisələrində, sosial obyektlərdə, həmçinin rayonun qəsəbə və kəndlərində kimyəvi məhlullarla dezinfeksiya işlərini mütəmadi aparırlar.

İcra hakimiyyəti başçısı yanında qərargahın keçirilən iclaslarında rayonun epidemioloji vəziyyəti ətraflı təhlil olunur, qərargah üzvlərinin və ərazi icra nümayəndəliklərində yaradılmış mobil qrupların fəaliyyəti nəzarətdə saxlanılır. Yoluxma halları aşkar edildikdə operativ tədbirlər görülür.

Yaradılmış mobil qruplar tərəfindən əhali ilə maarifləndirici söhbətlər aparılır, onlara peyvənd olunmaları tövsiyə edilir. Bildirilir ki, adamların sıx toplaşdığı yerlərə mümkün qədər az getsinlər. İctimai nəqliyyatdan istifadə zamanı ara məsafəsini gözləsinlər, şəxsi gigiyena qaydalarına ciddi riayət etsinlər.

Mənbə: azertag.az