Qazaxıstan "omikron” ştamı səbəbindən dövlət sərhədinə nəzarəti gücləndirir

Qazaxıstan "omikron” ştamı səbəbindən dövlət sərhədinə nəzarəti gücləndirir

Nur-Sultan, 30 noyabr, AZƏRTAC

Qazaxıstan hakimiyyəti ölkəyə koronavirusun yeni “omikron” ştamının daxil olmasının qarşısını almaq məqsədilə bir sıra ölkələrdən xarici vətəndaşların girişini məhdudlaşdırmaq qərarına gəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirinin birinci müavini Murat Şoranov bildirib. “Yeni “omikron” ştamının yaranmasını nəzərə alaraq, idarələrarası komissiya dekabrın 3-dən məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edib,” - deyə o bildirib.

Onun sözlərinə görə, Botsvana, Namibiya, Lesoto, Zimbabve, Mozambik, Madaqaskar, Tanzaniya və digər xarici vətəndaşların Qazaxıstana girişinə məhdudiyyət qoyulub. Həmçinin “omikron” ştamı aşkar edilmiş dövlətlərdən gələnlərdən PCR-testi məcburi tələb olunur. Bundan başqa, bu ölkələrdən gələnlərin özünütəcrid olunması da mütləqdir. Qazaxıstan hökuməti Misirlə hava əlaqəsinin dayandırılmasına qərar verib.

Qeyd edək ki, hazırda Qazaxıstanda “omikron” ştam aşkarlanmayıb.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

Mənbə: azertag.az