Avtomobili nömrəsiz idarə edən şəxs: “Maşını “160”la sürürəm” - VİDEO

Avtomobili nömrəsiz idarə edən şəxs: “Maşını “160”la sürürəm” - VİDEO

Azərbaycanda qazi avtomobili nömrəsiz idarə edib.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

“Naz Lifan” markalı avtomobili nömrəsiz idarə edən şəxs yol polisi tərəfindən saxlanılıb.

Görüntülərdə özünü 90-cı illərin Qarabağ müharibəsi qazisi kimi təqdim edən şəxs avtomobili saatda 150-160 kilometr sürətlə sürdüyünü etiraf edib və dövlət nömrə nişanlarını çıxarmaqda səbəb kimi sürətlə getdiyi üçün radara düşmək istəməməsini göstərib.

Məsələ barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsi ilə əlaqə saxladıq.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirib ki, yol hərəkəti qaydalarına düzgün əməl edilməməsinin ağır fəsadları da olur:

“Biz hüquqi dövlətdə yaşayırıq və yol hərəkəti qaydaları da dövlətimizin qanunla qorunan və həyati əhəmiyyət kəsb edən səhəsidir. Hamımız onu da bilirik ki, bəzən sadə hesab edilən və məsuliyyətsiz yanaşılan yol hərəkəti qaydalarına düzgün əməl edilməməsinin ağır fəsadları da olur”.

O qeyd edib ki, 2021-ci ilin 10 ayı ərzində yol-nəqliyyat hadisələrində 500-dən artıq insan həyatını, 1200-ə yaxın insan isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla sağlamlığını itirib.

“Hüquq qaydası nəyi müəyyən edibsə, ondan nə artıq, nə də əskik heç kim addım ata bilməz.

Kimsə hüquqi statusundan, ictimai nüfuzundan, vəzifə səlahiyyətindən, tutduğu mövqeyindən asılı olmayaraq, qanunun tələblərinə qeyd-şərtsiz əməl etməli və bunu özünə ləyaqət borcu bilməlidir. Bir daha hamını qanunların tələbləri çərçivəsində həyat tərzi keçirməyə çağırırıq”, - deyə o qeyd edib.

A.Əsgərli sürücüləri nəqliyyat vasitəsini nömrəsiz idarə etməməyə səsləyib:

“Avtomobilin dövlət qeydiyyat nişanı üzərində Azərbaycanın atributları var. Avtomobilin dövlət nömrə nişanı əsas elementlərdən biridir. Avtomobili nömrəsiz idarə edilməsi inzibati xətadır və bu əmələ görə cərimə nəzərdə tutulur. Sürücülər maşının bir nömrəsini gizlətməklə 40, iki nömrəni gizlətməklə isə 60 manat cərimə olunurlar”.

 

İlhamə Əbülfət

Mənbə: www.oxu.az