Cənubi Koreyada COVID-19 virusuna sutkalıq yoluxma sayında yeni antirekord qeydə alınıb

Cənubi Koreyada COVID-19 virusuna sutkalıq yoluxma sayında yeni antirekord qeydə alınıb

 

Pekin, 2 dekabr, AZƏRTAC

Cənubi Koreyada ardıcıl 2 gündür ki, COVID-19 virusuna sutkalıq yoluxma sayında antirekord qeydə alınır. Son sutka ərzində 5 min 266 nəfərin COVID-19 virusuna yoluxması aşkarlanıb. Bundan əvvəlki gün isə 5 min 123 yoluxma qeydə alınmışdı.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, yoluxmalarla paralel olaraq ağır xəstələrin sayı da günbəgün artır. Hazırda xəstəxanalarda 733 ağır xəstə var.

Yoluxmaların və ağır xəstələrin sayının çoxalması hökumətin noyabrın 1-də karantin rejimini ilk mərhələdə yumşaltması fonunda baş verir. Əgər ilk günlərində sutkalıq yoluxma sayı 2 mindən aşağı idisə, noyabrın ortasından başlayaraq yoluxmalar davamlı çoxalmağa başlayıb. Hökumət bu cür şəraitdə dekabrın ortasına nəzərdə tutulan karantin rejiminin növbəti yumşaldılmasının mümkün olmayacağını açıqlayıb. Hökuməti narahat edən məqamlardan biri də xəstəxanalarda, xüsusən də reanimasiya və intensiv terapiya şöbələrində çarpayı sayı çatışmazlığının yaranma ehtimalıdır.

Ötən sutka Cənubi Koreyada “omikron” ştamına ilk yoluxmalar qeydə alınıb. Bu yaxınlarda Nigeriyadan qayıdan cütlüyün və onların tanışının, habelə daha 2 nəfərin testinin cavabı müsbət olub. Beləliklə, Cənubi Koreyada "omikron" ştamına 5 yoluxma halı təsdiqlənib, bir nəfərin isə yoluxduğuna şübhə var. Hökumət "omikron" ştamının yayılması ilə mübarizənin təşkili üçün qurumlararası operativ qərargah yaradıb. Qərargah mübarizə tədbirlərini açıqlaycaq. Güman olunur ki, ölkəyə giriş üçün tətbiq olunan məhdudiyyət və qadağalar, habelə sərhəd-keçid karantin qaydaları sərtləşdiriləcək. Artıq noyabrın 28-dən Cənubi Afrika Respublikası, Botsvana, Zimbabve, Namibiya, Lesoto, Esvatini, Mozambik və Malavi vətəndaşlarının Cənubi Koreyaya girişinə və bu dövlətlərin vətəndaşlarına viza rəsmiləşdirilməsinə məhdudiyyət tətbiq olunur. Çox vacib məqsədlər üçün ölkəyə girişinə icazə verilən şəxslər isə müəyyən edilmiş yerlərdə 10 gün məcburi karantinə cəlb olunacaq. Həmin şəxslər bu müddətdə 3 dəfə test verməlidirlər.

Qeyd edək ki, Cənubi Koreya hökuməti karantin rejiminin mərhələlərlə yumşaldılaraq, gələn il fevralın sonunadək normal həyatın bərpasına nail olmağı planlaşdırmışdı.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Mənbə: azertag.az