“CoronaVac” effektsiz, "Pfizer" ağır: “Buster” dozada hansı vaksin vurulmalı?

“CoronaVac” effektsiz, "Pfizer" ağır: “Buster” dozada hansı vaksin vurulmalı?

Azərbaycanda “buster” doza ilə vaksin olunanların sayı 900 mini ötüb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumata əsasən, 911 353 “buster” (qüvvətləndirici) doza vurulub.

Ümumilikdə Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 40 314 vaksin vurulub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 181, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 125 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 567 919, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 083 530, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 573 036 nəfər təşkil edir.

Məlumdur ki, “buster” doza birinci və ikinci doza tətbiq olunan, lakin virusa qarşı immun yaranmayan şəxslər üçün daha çox məsləhət bilinir.

Müşahidələr göstərir ki, insanlar “buster” doza seçimində "Pfizer"ə üstünlük verirlər. Buna səbəb “CoronaVac”ın virusa qarşı daha təsirsiz qalması iddiasıdır. Lakin "Pfizer" peyvəndinin də daha ağır olduğu və digər peyvəndlərlə müqayisədə orqanizmdə çox mənfi təsir buraxdığı deyilir.

Maraqlıdır, “buster” dozada hansı peyvənddən istifadə məsləhətlidir?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında infeksionist Mərdan Əliyev deyib ki, “buster” dozada istənilən vaksindən istifadə etmək olar:

"“Buster” dozada hansı vaksinin istifadə edilməsinin fərqi yoxdur. Çünki “buster” doza gücləndirilmiş doza olduğu üçün həm “CoronaVac”, həm də "Pfizer"in kifayət qədər effektiv təsiri var.

Amma birinci və ikinci dozada hansı vaksindən istifadə olunmalıdır deyə, fikirləşmək olar. Çünki birinci və ikinci dozada üstünlük təbii ki, "Pfizer"dədir. "Pfizer"in effektivliyi daha yüksəkdir. Amma üçüncü dozada heç bir fərqi yoxdur. Həm “CoronaVac”, həm də "Pfizer" “buster” dozada kifayət qədər yaxşı təsir göstərir. Amma belə ümumi götürəndə bir və ikinci dozalarda “CoronaVac” vurduranlar üçüncü dozada fərqlilik olsun deyə, "Pfizer" vurdururlar. “CoronaVac” təsirsiz qalmır, onun da effekti var. Bunu üçüncü doza vurdurub, sonra qan analizi verib bilmək olur. "Pfizer"də də təqribən, eyni təsirdədir".

Naibə
 

Mənbə: cebhe.info