Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ərəfəsində Xalq yazıçısı Çingiz Abdullayevlə görüş olub

Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ərəfəsində Xalq yazıçısı Çingiz Abdullayevlə görüş olub

 

Bakı, 2 dekabr, AZƏRTAC

Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ərəfəsində Yazıçılar Birliyində Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüş noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində şəhid olan hərbi qulluqçuların xatirəsinin yad edilməsi ilə başlayıb. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 saylı internat məktəbin şagirdləri xüsusi jestlərlə Dövlət Himnini ifa ediblər.

Xalq yazıçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın düşmən işğalında qalan Qarabağın, mədəniyyət paytaxtı Şuşanın azad olunmasını xalqımızın həyatında böyük tarixi hadisə kimi qiymətləndirib və möhtəşəm Zəfər barədə bəhs edərkən deyib: “Babalarımdan biri Qarabağda dəfn olunub. Həmişə özümə qismət olmasa da, heç olmasa nəvələrimin gedib onun məzarını ziyarət etməsini arzu etmişəm. İndi şükür ki, ən böyük arzularımdan biri həyata keçib”.

O, Qarabağ müharibəsində 11 yazıçı övladının, o cümlədən Xalq şairi Xəlil Rza Ulutürkün və Xalq yazıçısı Sabir Əhmədlinin oğlanlarının şəhid olduğunu qeyd edib.

Dünyaşöhrətli yazıçı təkcə xəstə və əlilliyi olanlara deyil, cəmiyyətimizn digər sosial təbəqəsini təmsil edənlərə də qayğı və diqqətin vacibliyindən danışıb.

Qarabağ qazisi, hərbi hissə komandiri Xudu Xudiyev görüşün təşkilinə və əlilliyi olan insanların sosial problemlərinin həllində gördüyü işlərə görə Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyinə , Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Strateji Planlaşdırma və Beynəlxalq Əlaqələr Mərkəzinin rəhbəri Leyla İmanovaya əlilliyi olan insanlara göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.

Beynəlxalq Əlillər Cəmiyyəti İdarə heyətinin sədri Tahir Xudiyev, cəmiyyətin üzvləri Xatirə Cabbarzadə, Saleh Əzizli, Həsənağa Bayramov, Gözdən Əlillər Kitabxanasının əməkdaşı Nazlı Əliyeva, Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün 3 saylı internat məktəbin müəllimi Günel Kərimova və başqaları əlilliyi olanların üzləşdikləri problemlərdən danışıblar.

İstedadlı gənc əlil rəssam Ramil Əhmədovun yağlı boya ilə işlənmiş əsərləri görüşün keçirildiyi “Natəvan” klubunda böyük maraqla qarşılanıb.

Sonra görüşdə iştirak edən ayrı-ayrı dövlət qurumlarında, vətəndaş və ictimai təşkilatlarda çalışan, eləcə də fiziki sağlamlığında məhdudiyyət olanların sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb. Görüşün axırında iştirakçılar yazıçı ilə birlikdə xatirə şəkli çəkdiriblər.

Mənbə: azertag.az