Əlilliyi olan modellərin iştirakı ilə geyim nümayişi keçirilib

Əlilliyi olan modellərin iştirakı ilə geyim nümayişi keçirilib

Bakı, 4 dekabr, AZƏRTAC

Kekalove Adaptive startapının təşkilatçılığı, Fransa və Almaniyanın Azərbaycandakı səfirliklərinin dəstəyi və “Hyatt Regency” otelinin ev sahibliyi ilə əlilliyi olan şəxslər tərəfindən adaptiv geyimlərin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə keçirilən tədbir sağlamlıq imkanları məhdud olan modellərin ehtiyaclarını nəzərə alan xüsusi geyim dizaynlarını - adaptiv geyimləri nümayiş etdirmək məqsədi daşıyırdı.

Kekealova Adaptivenin təsisçisi və icraçı direktoru Məhəmməd Kekalov açılış mərasimində çıxış edərək bildirib ki, ikinci dəfə keçirilən bu şou İnklüziya festivalının bir hissəsidir. O, Zaqatalada olarkən əlilliyi olan şəxslərin problemləri ilə yaxından tanış olub və üç il əvvəl bu işə sağlamlıq imkanları məhdud olanların cəmiyyətə inteqrasiya olunmasına dəstək vermək istəyi ilə başlanılıb. “Azərbaycanı inklüziv ölkəyə çevirmək sahəsində belə uğurlu nəticələri görmək bizi sevindirir” deyən ştartapın təşkilatçısı bu işi davamlı olaraq aparacaqlarını diqqətə çatdırıb. O, geyimlərin dizayneri Ruhlan Cəlilova təşəkkürünü bildirib.

Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniqi öz çıxışında deyib: “Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən dünyada əlilliyi olan 650 milyon, o cümlədən 200 milyon uşaq var. Onlar adi insanlardan fərqli olaraq müəyyən maneələrlə üzləşirlər. Həmin təbəqəyə aid olanların cəmiyyətin bərabərhüquqlu üzvü kimi yaşaması və inteqrasiya olunması vacibdir. Bugünkü tədbirin təşkilatçıları bu işi uğurla həyata keçirirlər”.

Böyük Britaniyanın ölkəmizdəki səfiri Ceyms Şarp əlilliyi olan şəxslərin iştirakı ilə keçirilən geyim nümayişini dəstəklədiyini bildirib. Səfir Azərbaycanın əlil idmançılarının Paralimpiya oyunlarında əldə etdikləri qələbəni yüksək dəyərləndirib və əlilliyi olan şəxslərin geyim nümayişi ilə əlaqədar təşkil olunan tədbirə yüksək qiymət verərək iştirakçılara uğurlar arzulayıb.

Fransanın Azərbaycandakı səfirliyinin mədəniyyət üzrə müşaviri Jerom Kel və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin direktoru Cay Sinx sağlamlıq imkanı məhdud olanların iştirakı ilə təşkil edilən belə tədbirlərin mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.

Modellərdən Cəmilə Məmmədli ilə Ritual Mobil Teatr Laboratoriyası inklüziv pantomim performansı, Orxan Adıgözəl ilə Azərbaycan Kapoero Federasiyasının yığma komandası inklüziv kapoero performansı, Fatimə Əkbər ilə Azərbaycan İnklüziv Rəqs Şirkəti inklüziv rəqs performansı nümayiş olunub.

Əlilliyi olan modellərin iştirakı ilə 30 geyim dəsti nümayişi edilib.

Mənbə: azertag.az