Qəbələdə əlilliyi olan uşaqlar diqqət və qayğı ilə əhatə olunublar

Qəbələdə əlilliyi olan uşaqlar diqqət və qayğı ilə əhatə olunublar

Qəbələ, 4 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Beynəlxalq Əlillər Günü münasibətilə Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin və Qızıl Aypara Cəmiyyəti rayon bölməsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib, əlilliyi olan uşaqların ailələrinə səfər təşkil edilib. Tədbirdə Vətən müharibəsi şəhidlərinin və qazilərin övladları, mərkəzin sosial iş üzrə mütəxəssisləri və könüllülər iştirak ediblər.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzindən məlumat verilib.

Tədbirdə mərkəzin direktoru Günel Ağayeva və Qızıl Aypara Cəmiyyəti Qəbələ rayon bölməsinin sədri Sədaqət Bayramova çıxış edərək, ölkəmizdə sağlamlıq imkanları məhdud, əlilliyi olan uşaqlara göstərilən yüksək dövlət qayğısından bəhs edib, onların cəmiyyətə inteqrasiyası, istedadlılıq və yaradıcılıq qabiliyyətlərinin aşkara çıxarılması üçün davamlı tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıblar.

Qəbələ İncəsənət Məktəbinin rəqs qrupu və ifaçıları əlil uşaqların qarşısında maraqlı konsert proqramı ilə çıxış ediblər.

Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olunub.

Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin və Qızıl Aypara Cəmiyyəti rayon bölməsinin əməkdaşları yataq xəstəsi olan uşaqların ailələrinə də baş çəkib, uşaqları hədiyyələrlə sevindiriblər.

Mənbə: azertag.az