ÜST koronavirusun “omikron” variantının yayılmasına hazır olmağa çağırır

ÜST koronavirusun “omikron” variantının yayılmasına hazır olmağa çağırır

Dünyada alimlər koronavirusun yeni “omikron” variantının xüsusiyyətlərini öyrənməyə davam edərkən, Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri ölkələrə onun mümkün yayılmasına panikasız hazırlaşmağı tövsiyə edir. AZƏRTAC BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, ilkin məlumatlara görə, yeni variant COVID-19-dan sağalmış insanları əvvəlki variantlarla müqayisədə daha asan yoluxdurur.

Bundan əvvəl vurğulandığı kimi, BMT Cənubi Afrika və Botsvananın yeni variant haqqında məlumat mübadiləsi aparmaq qərarını yüksək qiymətləndirir. Cenevrədə çıxış edərək Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Kristian Lindmeyer bir daha qeyd edib ki, alimlər hələ də “omikron”un xüsusiyyətlərini öyrənirlər və yalnız bir neçə həftədən sonra onun digər variantlardan nə dərəcədə daha yoluxucu və təhlükəli olduğunu daha əminliklə söyləyə biləcəklər. Lindmeyerin xatırlatdığına görə, bu gün biz yalnız ilkin məlumatları bilirik.

O, həmçinin qeyd edib ki, bəzi hökumətlər tərəfindən Cənubi Afrika və Botsvana ilə nəqliyyat əlaqələrinə tətbiq edilən tam qadağanı ÜST izafi addım hesab edir, baxmayaraq ki, belə bir qərarın səhiyyə sistemləri yeni xəstələr axınının öhdəsindən gəlməmək riski altında olan ölkələr üçün məqsədəuyğun ola bilər.

"İndi ölkələr səhiyyə sistemlərini potensial yoluxmuş insanlar axınına hazırlamalıdırlar, çünki “omikron” variantının tezliklə hər yerdə yayılacağını yüksək ehtimalla təxmin edə bilərik", - deyə o, əlavə edib.

Keçən yay narahatlıq doğuran ştamlar siyahısına daxil edilmiş “delta” variantı indi dominantdır və bütün yoluxma hallarının 90 faizindən çoxunu təşkil edir. "Onun ayrı-ayrı ölkələrə daxil olmasının qarşısını almaq ehtimalı çox azdır”, - deyə Lindmeyer hesab edir.

O, həmçinin “omikron” variantı ilə bağlı xəbərlərə sakit reaksiya verməyə çağırıb. "Gəlin panikaya düşməyək, riski qiymətləndirməyə və müvafiq tədbirlər görməyə kömək edəcək məlumatları gözləyək", - deyə ÜST nümayəndəsi bildirib. “Həmçinin gəlin hər yeni məlumatla təşvişə düşməyək, vəziyyəti qiymətləndirmək üçün tam məlumata sahib olmalıyıq”.

O deyib ki, ÜST Cənubi Afrikanın Qauteng əyalətinə ekspertlər qrupunu göndərib, həmin ekspertlər bu ölkədə təkrar yoluxma hallarının artması fonunda “omikron” variantının yayılmasına nəzarət etməyə yardım edirlər.

Mənbə: azertag.az