Beynəlxalq axtarışda olan şəxs Livanda imiş - Azərbaycana ekstradisiya edildi

Beynəlxalq axtarışda olan şəxs Livanda imiş - Azərbaycana ekstradisiya edildi

 

Ədliyyə Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilən şəxslərin ölkəmizə gətirilməsi davam etdirilir.

Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətinin (AR Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi) törədilməsində ittiham edilərək beynəlxalq axtarışa verilmiş Samir Həsənovun yeri Livanda müəyyən olunaraq həbs edilib.

Bununla əlaqədar, nazirlik tərəfindən həmin şəxsin ölkəmizə ekstradisiyası ilə bağlı müvafiq sorğu göndərilib, Livanın səlahiyyətli orqanları ilə danışıqlar aparılıb və beynəlxalq prosedurlara əsasən bütün tələb olunan sənədlər təqdim edilərək Livan tərəfi onun təslim edilməsinə müsbət qərar verib.

Livandan birbaşa uçuş reysi olmadığından ekstradisiya edilən şəxsin Türkiyə vasitəsilə tranzit olaraq Azərbaycana gətirilməsi barədə qardaş ölkə ilə razılığa gəlinib. Nəticədə axtarışda olan şəxs noyabrın 28-də Nazirliyin Beynəlxalq əməkdaşlıq idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən Bakı İstintaq Təcridxanasına yerləşdirilib.

Qeyd olunub ki, təkcə bu il 14 nəfər şəxs Böyük Britaniyadan, Almaniyadan, Polşadan, Belarusdan, Moldovadan, habelə tranzit üçün Avropa ölkələrindən razılıq əldə edilərək Ukraynadan Azərbaycana ekstradisiya olunub.

Mənbə: qafqazinfo.az