Kiyevdə xalçaçı-rəssam Eldar Hacıyevin sərgisi açılıb

Kiyevdə xalçaçı-rəssam Eldar Hacıyevin sərgisi açılıb

Kiyev, 25 dekabr, AZƏRTAC

Kiyevdə Taras Şevçenko adına Milli Muzeydə Azərbaycan Rəssamlar İttifaqının üzvü, xalçaçı-rəssam Eldar Hacıyevin əsərlərindən ibarət sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə baş tutan sərginin rəsmi açılışında səfirliyin kollektivi, müxtəlif ölkələrin Kiyevdəki diplomatik korpuslarının nümayəndələri, hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri və diaspor fəalları iştirak ediblər.

Xalça və rəsm əsərlərindən ibarət olan sərgidə əsas mövzu Azərbaycan mədəni tarixi nümunələri, Qarabağ irsidir. Xüsusilə Qarabağ atları sərginin əsas komponentlərindədir.

Açılışda iştirak edən Ukrayna mədəniyyət nazirinin birinci müavini Rostislav Karandeev nümayiş olunan əsərlərdə milli komponentlərin olduqca aydın ifadə olunduğunu bildirərək qeyd edib ki, bu, ölkəsinin ictimaiyyəti üçün olduqca maraqlı nümayişlərdən olacaq.

Taras Şevçenka adına Milli Muzeyin Baş direktoru Dmitri Stus Bakıda Xalça muzeyini ziyarətini xatırladaraq təəssüratlarını bölüşüb: “Hesab edirəm ki, xalçaçılıq qiymətli ənənədir. Azərbaycanın uğurları, qələbələri bizim üçün vacibdir. Uğur qazanmaq asan iş deyil. O cümlədən incəsənət sahəsində. Əvvəlcə bu sənətin sirlərinə bələd olmaq lazımdır”, - deyə Dmitri Stus əlavə edib.

Eldar Hacıyev isə bildirib ki, hazırda burada rəsm və xalçalar ilə birgə ümumilikdə 20-yə yaxı iş nümayiş olunur: “Bu sərgi Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə baş tutub. Bu, bizim üçün xüsusi önəm daşıyır”, - deyə əlavə edən xalçaçı rəssam bildirib ki, sərgi yanvar ayının sonunadək davam edəcək.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Mənbə: azertag.az