Tərtərdə Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun xatirəsi anılıb

Tərtərdə Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun xatirəsi anılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin, ictimaiyyətin nümayəndələri, Milli Qəhrəmanın ailə üzvləri və döyüş yoldaşları onun Tərtər şəhərindəki abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini yad ediblər.

Mərasimdə çıxış edənlər Elman Hüseynovun həyat və döyüş yolundan danışıblar. Bildirilib ki, Hüseynov Elman Süleyman oğlu 1952-ci il fevralın 28-də Tərtər rayonunun Azadqaraqoyunlu kəndində anadan olub. 1958-1968-ci illərdə Azadqaraqoyunlu kənd orta məktəbində, 1968-1973-cü illərdə isə Azərbaycan Politexnik İnstitutunda mühəndis ixtisası üzrə təhsil alıb. Elman Hüseynov 1973-1975-ci illərdə Gürcüstanın Axalkalaki şəhərində zabit kimi xidmət edib. Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatı İdarəetmə İnstitutunu fərqlənmə diplomu ilə bitirib.

Dövlət idarəetmə orqanlarında mühüm vəzifədə işləməsinə baxmayaraq, 1991-ci ildə könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət edib, 1991-ci ilin sentyabrında Tərtər özünümüdafiə qərargahının rəisi, 1991-ci ilin noyabrında Tərtər ərazi özünümüdafiə batalyonunun komandiri təyin olunub. Ağdərə rayonunun və ətraf yaşayış məntəqələrinin düşməndən azad olunmasında fəal iştirak edib. Onun şəxsi şücaəti və rəhbərliyi altında keçirilmiş döyüş əməliyyatları nəticəsində düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilib. Döyüşlərdə iki dəfə yaralanıb. 1993-cü il yanvarın 15-də Vəng yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub. Tərtər rayonunun Azadqaraqoyunlu kəndində dəfn edilib.

Azərbaycan Respublikası Prezidentinin 1995-ci il yanvarın 15-də imzaladığı Fərmanla mayor Hüseynov Elman Süleyman oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.

Tədbirdə Elman Hüseynovun döyüş yoldaşları onunla bağlı xatirələrini bölüşüblər. Milli Qəhrəmanın oğlu Emin Hüseynov şəhid ailələri adından onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Sabiq deputatdan qalmaqallı açıqlama: “Müəllim uşağı onun xeyrinə görə vurur” - FOTO

SONRAKI XƏBƏR

Saatlıda qayda pozan sürücülərə qarşı nəzarət-profilaktik tədbirlər görülüb