Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının Miqrasiya üzrə Şəbəkəsinin “Çempion ölkələr” təşəbbüsünə qoşulub

Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının (BMT) Miqrasiya üzrə Şəbəkəsinin “Çempion ölkələr” təşəbbüsünə qoşulub.

Dövlət Miqrasiya Xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Çempion ölkələr” təşəbbüsü beynəlxalq miqrasiya idarəçiliyinə ümumcəmiyyət və ümumdövlət yanaşmasının tətbiqi ilə bağlı hökumətlərarası səviyyədə razılaşdırılmış ilk və yeganə BMT sazişi olan “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın (Qlobal Pakt) səmərəli icrasını dəstəkləmək, izləmək və nəzərdən keçirmək məqsədilə BMT tərəfindən onun ixtisaslaşmış təsisatlarından ibarət Miqrasiya Şəbəkəsinin rəhbərliyi ilə 2020-ci ilin sentyabrında təsis edilib. Azərbaycan BMT-nin Miqrasiya Şəbəkəsinin dəvəti ilə Cənub-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə bu təşəbbüsə qoşulan birinci ölkədir.

“Çempion ölkələr” təşəbbüsü Dayanıqlı İnkişaf Məqsədlərinə əsaslanan Qlobal Paktın hədəflərinə çatmağa töhfə vermək məqsədilə təşəbbüsə qoşulan ölkələrə mütərəqqi təcrübələrini və qabaqcıl metodlarını öz aralarında və BMT-nin digər üzv dövlətləri ilə bölüşmək, eləcə də Qlobal Paktın müxtəlif səviyyələrdə təşviqini dəstəkləmək imkanını verir.

Qeyd edək ki, hazırda 27 ölkənin daxil olduğu təşəbbüs bütün ölkələr üçün açıqdır və 2022-ci ildə keçiriləcək ilk Beynəlxalq Miqrasiya üzrə İcmal Forumu başlayanadək davam edəcək. Dörd ildən bir keçirilməsi nəzərdə tutulan forum Qlobal Paktın icrasında əldə olunan nailiyyətlərin, qarşılaşılan çətinliklərin müzakirəsi üçün əsas hökumətlərarası qlobal platforma rolunu oynayacaq.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

"ABŞ Rusiyaya qarşı 18 hərəkət ssenarisi hazırlayıb" - Nuland

SONRAKI XƏBƏR

Qar Sevdanın arzusunu ürəyində qoydu - VİDEO