Saatlıda qayda pozan sürücülərə qarşı nəzarət-profilaktik tədbirlər görülüb

Saatlı rayonunda qayda pozuntusuna yol verən sürücülər barəsində tədbirlər görülüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Saatlı rayon Polis Şöbəsinin Dövlət Yol Polisi (RPŞ DYP) bölməsi tərəfindən rayon ərazisində yolda təhlükəsiz hərəkətin təmin olunması üçün nəzarət-profilaktik tədbirlər yerinə yetirilib, şəhərin müxtəlif küçələrində postlar qurulub. Tədbirlər zamanı qayda pozan sürücülərə rast gəlinib.

Saatlı RPŞ DYP bölməsinin baş inspektoru Zaur Bəhlulzadə bildirib ki, postlarda avtomobili dövlət nömrə nişanı olmadan idarə edən sürücülərə də rast gəlinib. Qayda pozan sürücülər arasında təhlükəsizlik kəmərindən istifadə etməyən, müxtəlif yol hərəkəti qaydalarına riayət etməyən, işıqforun siqnalına məhəl qoymayan, avtomobili sürücülük vəsiqəsi olmadan idarə edən sürücülər də aşkarlanıb. Bundan başqa, ötmə və manevr qaydalarını kobud şəkildə pozan sürücülər də polisin diqqətindən yayınmayıb. Həmçinin yol polisinin saxla əmrinə tabe olmayan sürücülər saxlanılıb. Həmin sürücülərə qaydalara riayət etməyin vacibliyi bildirilib, qayda pozan sürücülər barəsində inzibati qaydada müvafiq tədbirlər görülüb.

Bu kimi tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması və yollarda təhlükəsizliyin təmin edilməsidir.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Tərtərdə Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun xatirəsi anılıb

SONRAKI XƏBƏR

Ağdamda evdən 52 min manatlıq oğurluq edilib