Çində Yaz bayramı ilə əlaqədar səyahət mövsümü başlayıb

Çində Yaz bayramı ilə əlaqədar səyahət mövsümü başlayıb

Çində şərq ölkələrinin ay təqvimi üzrə yeni il və ya başqa adı Yaz festivalı olan bayramla əlaqədar səyahət mövsümü başlayıb.

AZƏRTAC xəbər verir ki, bu il miladi təqvimlə fevralın 1-nə təsadüf edən Ay yeni ili rəmzi olaraq ailə vəhdəti bayramı hesab olunur. Əhalinin böyük hissəsi doğmalarını ziyarət etməyə, habelə istirahət üçün digər bölgələrə səyahətə gedirlər. Elə bu səbəbdəndir ki, festival ərəfəsində və bayram günlərində nəqliyyatda böyük sıxlıq müşahidə olunur.

COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərə görə xaricə səyahətlər yox səviyyəsindədir.

Qeyd edək ki, yaz festivalının başlamasından 15 gün əvvəl ölkədə səyahət dövrü başlayır. Çin Milli İnkişaf və İslahat Komissiyasının proqnozlarına əsasən, bu il bayramla əlaqədar 1,18 milyard səyahət gözlənilir. Son vaxtlar Çinin bir neçə şəhərində kiçik yoluxma ocağının aşkarlanması, habelə “omikron” ştamına yoluxmaların qeydə alınması builki səyahətlərin sayının pandemiyadan əvvəlki dövrlə müqayisədə əhəmiyyətli dərəcədə azalmasına təsir edən əsas amildir.

Şahin Cəfərov

Mənbə: azertag.az