"Gənclərin evlənmək istəməməsinin səbəbi yağdır" - Rəşid Mahmudov

"Gənclərin evlənmək istəməməsinin səbəbi yağdır" - Rəşid Mahmudov

Azərbaycan cəmiyyətində gündəmdən düşməyən mövzulardan biri də evlilikdir. Yaşlı nəsil gənc nəslin evlənmək istəmədiyini deyir.

Bunun müxtəlif səbəblərdən qaynaqlandığı bildirilir. Bəziləri düşünür ki, gənclərin evlənməməsinin psixoloji səbəbi onların "azadlıq"larını itirməmək istəyidir. Qeyd olunur ki, qadınlar isə məsuliyyətdən yaxasını kənara çəkmək və ev işləri görməmək üçün istəmir.

Sadalanan səbəblər arasında evli şəxslərin ailə qurmaq niyyəti olan gəncləri həvəsdən salması da var.

Tibb elmləri namizədi Rəşid Mahmudov Ölkə.az-a açıqlamasında gənclərin evlənmək istəməməsinin səbəbinin palma yağı ilə bağlı olduğunu bildirib:

"Gənclərin çoxunda zəiflik var. Səbəb ondan ibarətdir ki, bizim qidamızda palma yağı var. Azərbaycana ildə 50 tondan çox palma yağı gətirilir. Dünyada isə palma yağı qida kimi qəbul olunmur. Bu da həm qadınların, həm də kişilərin cinsi vəziyyətinə mənfi təsir göstərir.

Sevgi, məhəbbət orqanizmdə cinsiyyət hormonlarının üsyanıdır, həddindən artıq çox ifrazıdır. Sevəndə insanın gözü heç ana-atasını da görmür və istədiyini gedib alır. Bunların hamısının səbəbini qidada görmək lazımdır. Yediyimiz makarona, vermişelə, hətta uşaq qidası olan qatılaşdırılmış südə də palma yağından qatırlar. Nəticədə bu da bədənin cinsi hormonların ifrazını azaldır və tənbəllik yaradır. Hormonlar çoxalarsa, adamlar sevəcək və vaxtında evlənəcək".

Mənbə: sfera.az