Şəmkirdə istixanalarda yanacaq problemi yaşanır - VİDEO

Şəmkirin Qədimqala kəndindəki tərəvəz istixanalarında əkinə başlamaq mümkün deyil. Çünki yanacaqla bağlı problem həll edilməyib.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, ləklər hazırlanıb, şitillər yetişdirilib, amma əkin aparmaq olmur.

Təsərrüfat sahibləri deyir ki, ötən əkin mövsümündə 24 qəpiyə aldıqları M-40 markalı mazutun qiyməti düz 85 qəpiyə qaldırılıb, üstəlik, satışı da dayandırılıb.

İstixanalarda əkinin başlamaması səbəbindən bu təsərrüfatlarda mövsümi işlərə cəlb olunan xeyli adam, həmçinin, onların daşınması ilə məşğul olan nəqliyyat vasitələri işsiz qalıb.

Vəziyyətdən çıxış yolu kimi istilik sistemi mazutla işləyən təsərrüfatlarda yenidən qazla işləyən istilik sistemi qurulmalıdır ki, bu da 10 minlərlə manat əlavə xərc tələb etdiyindən fermerlərin imkanı xaricindədir. Mövcud durumdan çıxış yolu tapa bilməyən bəzi fermerlər isə istixanaları sökərək boruları metal qəbulu məntəqələrinə satmaqla zərərini qarşılamağa çalışır.

Məsələ ilə bağlı "SOCAR Petroleum" QSC-nin 6 saylı Gəncə Neft Terminalı Bazasından bildirdilər ki, sözügedən məsələnin qiymət tənzimlənməsi və satışın həyata keçirilməsinə QSC-nin Bakıdakı baş ofisi tərəfindən nəzarət olunur. Bazanın böyük mühasibi Tahir Tahirovun sözlərinə görə, bununla bağlı müqavilə də məhz birbaşa fermerlər və "SOCAR Petroleum" QSC arasında bağlanır. 6 saylı Gəncə Neft Terminalı Bazası isə bu razılaşmalara uyğun olaraq QSC tərəfindən verilən təlimatlara uyğun olaraq yanacağın buraxılışını həyata keçirir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Milli.az

ƏVVƏLKİ XƏBƏR

“Gürcüstan Hava Yolları” satışa çıxarılıb

SONRAKI XƏBƏR

Bu qız Azərbaycanın ən gözəli seçildi - FOTOLAR