BMT: “Bir milyard uşaq iqlim dəyişikliyinin təsirindən son dərəcə yüksək risk altındadır”

BMT: “Bir milyard uşaq iqlim dəyişikliyinin təsirindən son dərəcə yüksək risk altındadır”

“Son iyirmi ildə iqlimlə bağlı fəlakətlərin iqtisadi zərəri 82 faiz artıb. 2021-ci ildə iqlim dəyişikliyi nəticəsində yarana fəsadların sığorta zərəri 120 milyard ABŞ dollarına və 10 min insanın ölümünə səbəb olub”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib.

“Emissiyalar azalmalıdır, lakin artmaqda davam edir. Kömürlə işləyən elektrik istehsalı bütün zamanların yeni rekorduna doğru irəliləyir”- deyən baş katib inkişaf etmiş ölkələri 2030-cu ilə qədər tullantıları kəskin şəkildə azaltmaq barədə verdikləri vədlərə əməl etməyə çağırıb:

“1,2 dərəcə istiləşmə artıq dağıdıcı nəticələrə gətirib çıxarıb. İqlim dəyişikliyi təkcə 2020-ci ildə 30 milyon insanın evlərini tərk etməyə məcbur edib. Bu göstərici müharibə və zorakılıq nəticəsində öz evlərindən didərgin düşənlərin sayından üç dəfə çoxdur. Bir milyard uşaq iqlim dəyişikliyinin təsirindən son dərəcə yüksək risk altındadır”.

Baş katib son onillikdə qlobal emissiyaların 45 faiz azaldılmasının vacib olduğunu, ancaq mövcud nəticələrin acınacaqlı olduğunu dilə gətirib: “İndiki şərtlərlə, 2030-cu ilə qədər qlobal emissiyaların 14 faiz artacağı gözlənilir. Kömürdən tədricən imtina etmək bizim hamımız üçün prioritet olmalıdır”.

Mənbə: report.az