“Ermənilər evimizin təməl daşını belə dağıdıblar” - Şuşa sakini ilə söhbət

Şuşa, 19 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC

Şuşa sakini Ceyhun Əliyev uzun illər sonra yenidən doğma yurduna qayıdıb. O, iki aydır ki, 29 il həsrətində olduğu doğma şəhərində təcili tibbi yardım maşınında sürücü işləyir.

AZƏRTAC-ın bölgə müxbiri Şuşada Ceyhun Əliyevlə söhbət edib, sevincinə şərik olub. Ceyhun Əliyev bildirib ki, Şuşa şəhərində dünyaya göz açıb. Ömrünün ən xoş günləri doğma şəhərində, ata yurdunda keçib: “Mənim uşaqlığım, gəncliyim Şuşada keçib. Bu şəhərlə bağlı çoxlu silinməz xatirələrim var. Şuşa işğal olunana qədər avtobazada sürücü kimi çalışmışam. Şuşa işğal olunandan sonra Bakı şəhərində məskunlaşdıq. Bakıda təcili tibbi yardım maşınında sürücü işləyirdim. Şuşada modul tipli xəstəxana fəaliyyətə başlayanda isə öz istəyimlə doğma şəhərimə gəldim. Mən Azərbaycan gənclərinə minnətdaram ki, onlar bizim alnımızda olan qara damğanı sildilər, bizə yaşamaq üçün nəfəs verdilər. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Bu gün biz Şuşadayıq. Mənim bundan sonra heç bir arzum, istəyim yoxdur”.

Ceyhun Əliyevlə Şuşanın küçələrini gəzə-gəzə söhbət edirik. Doğma şəhərinin tarixi, abidələri, qədim məhəllələri, işğaldan əvvəlki xoşbəxt günləri ilə bağlı həvəslə danışır. “Şuşa qeyri-adi bir şəhərdir. Həm insanlarına, həm relyefinə, həm də suyuna, havasına görə əvəzolunmazdır. Bu gün Şuşaya qayıtmışam. Yurda qovuşmaq olduqca gözəl bir hissdir. Ancaq ermənilərin şəhərdəki vandallıqlarını görmək mənə çox pis təsir edir. Bir şəhərə baxın, 30 ilə yaxın bir dövr ərzində şəhərdə heç bir tikinti aparılmayıb. Çünki, onlar bilirdilər ki, 30 il yox, 130 il keçsə də, Şuşanın əsl sahibləri bura qayıdacaqlar”, – deyə o vurğulayır.

Həmsöhbətimiz deyir ki, Şuşa qədimdən sənətkarlar şəhəri olub. Burada zərgərlər, qəssablar, dərzilər, dəmirçilər, nalbəndlər, xarratlar və sair sənətkarlar yaşayıb. Şəhərin 17 məhəlləsi, hər məhəllənin bulağı, məscidi, hamamı olub. Tarix boyu şəhər dəfələrlə erməni vandalizminə məruz qalaraq dağıdılıb, sonra yenidən bərpa edilib.

Ceyhun Əliyev Saatlı məscidinin arxasındakı 4 nömrəli məktəbdə oxuyub. İndi o məktəb dağıdılıb, yararsız haldadır. Saatlı məscidi də erməni vandalizminə məruz qalıb. Tarixi tikililərdən olan Xan qızının evi də eyni aqibəti yaşayıb.

Şəhərin “Meydan bulağı” deyilən hissəsinə çatırıq. Ceyhun Əliyev əli ilə xarabalığı göstərib deyir: “Bura bizim həyətimizdir, mənim ata yurdumdur. Burada bizim gözəl evimiz olub. İndi təməl daşı da qalmayıb. Evi tamamilə dağıdıblar. Həyətimizdə akasiya və gilənar ağacları var idi. Ailədə üç qardaş, bir bacı olmuşuq. Uşaqlığım, gəncliyim bu evdə keçib”.

Ceyhun Əliyev şuşalıların tezliklə Şuşada yenidən xoşbəxt günlərinin başlayacağına əminliyini ifadə edib. “Şuşaya qayıdacağımıza ümidim çox az idi. Ali Baş Komandanımızın, rəşadətli ordumuzun, şəhidlərimizin, qazilərimizin sayəsində Şuşa azad edildi. Bundan sonra ölsəm də dərdim yoxdur. Ömrümün qalan hissəsini ata yurdumda keçirəcəyəm. 2022-ci il Prezidentimiz tərəfindən “Şuşa İli” elan olunub. Bu, şuşalıları sevindirir. Əminəm ki, 2022-ci ildə Şuşada bərpa-quruculuq işləri daha geniş vüsət alacaq. “Şuşa İli”nin sonunadək Şuşa gözəl, firavan, abad bir şəhərə çevriləcək” , - deyə Şuşa sakini bildirib.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Ərdoğan Ukraynaya səfər edəcək

SONRAKI XƏBƏR

Böyük müharibə qaçılmazdır - Rusiyanın aqressiyası artır