Ölkədə təhlükəli tullantıların utilizasiyası aparılırmı?

Ölkədə təhlükəli tullantıların utilizasiyası aparılırmı?

Təhlükəli tullantılar insanların sağlamlığı, təhlükəsizliyi üçün, həmçinin ətraf mühit üçün təhlükə və risk yaradır. Həmin zərərli tullantıların ən ağır növlərindən biri də batareyalardır. Dünyada batereyalara tələb günü-gündən artır. Belə ki, batareyalara artan qlobal tələb əsasən mobil telefonlar və videokameralar, oyuncaqlar, noutbuklar kimi portativ enerji istehlak edən məhsulların sürətlə artması ilə bağlıdır. Hər il istehlakçılar tərəfindən ətraf mühütə batareyalar, akkumulyator kimi zərərli tullantılar atılır. Bəzi batareyalarda kadmium və civə, qurğuşun və litium kimi zəhərli metallar var ki, onlar təhlükəli tullantıya çevrilir və düzgün şəkildə atılmadıqda ətraf mühit və sağlamlıq üçün təhlükə yaradır. Batareyaların istehsalı, daşınması və paylanması təbii sərvətləri istehlak edir və bununla da təbii ehtiyatların sürətlə tükənməsinə kömək edir. Yenidən doldurulan batareyalar birdəfəlik istifadə olunan batareyalarla müqayisədə bərpa olunmayan təbii resursları daha az istehlak edir, çünki eyni miqdarda enerji təmin etmək üçün daha az təkrar doldurulan batareya tələb olunur. Təhlükəli tullantılar xüsusi toplanma tələb edir və zibil qutularına atılmamalıdır. Dünyada istehsalçılar daha çox təkrar emal edilə bilən və daha az zəhərli material ehtiva edən nümunələr istehsal edərək, ətraf mühitə təsirini azaltmaq üçün davamlı olaraq çalışırlar.

Bəs Azərbaycanda bu kimi tullantılar harda çeşidlənir və necə yığılır? “Report” bununla bağlı ölkədə mövcud olan vəziyyəti araşdırıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev “Report”a bildirib ki, son bir neçə onillikdə elektronikanın istehlakı gündəlik həyatımızın demək olar ki, bütün sahələrinə nüfuz edib: “Buna görə də elektron məhsulların istehsalı və istifadəsinin sürətlə artması və çoxlu sayda istifadə müddəti bitmiş elektron cihazların - elektron tullantıların yaranması təəccüblü deyil. BMT-nin 2020-ci il Qlobal Elektron Tullantı Monitorinqi məlumatlarına əsasən elektron tullantıların həcmi son beş ildə 21 % artıb ki, bunun da az bir hissəsi hazırda toplanır, təkrar emal olunur. Bu o deməkdir ki, biz bu tullantıların çoxunun hara atıldığını bilmirik və belə tullantıların təkrar emalı və utilizasiyası olmadığı ölkələrdə təhlükə mənbəyi kimi qalır. Bu tendensiyanın qarşısını almaq üçün səylər daha çox tələb olunur”.

O vurğulayıb ki, ölkəmizdə də bu tullantıların həcminin gün-gündən artması bu istiqamətdə kompleks tədbirlərin görülməsini vacib edir: “İlkin mərhələdə istehlakçılara tullantıların elektrik və elektron avadanlıqlarının toplanması və təkrar emalının vacibliyi barədə məlumat vermək çox vacibdir. İstehlakçıların bu sahədə maarifləndirilməsi, onların biliklərinin artırılması sahəsində tədbirlər görülməlidir. Reklam vasitəsilə pərakəndə satıcılar alıcıları mükafatlandıran bir çox müsbət mesajlar ötürür, lakin elektron avadanlıqlarının həyat dövrünün sonunda sağlamlığa və ətraf mühitə təsiri haqqında məlumat çox vaxt çatışmır.

Azərbaycan 2001-ci ildən BMT-nin “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” Bazel Konvensiyasına qoşulub, 2004-cü ildə Azərbaycanda təhlükəli tullantıların idarə olunmasının Dövlət Strategiyası qəbul edilib və bu günədək təhlükəli tullantıların idarə olunması sahəsində bir sıra qaydaların və tələblərin icrasına əməl olunub. Təhlükəli tullantılar hesab olunan işlənmiş batareyaların və akkumulyatorların ətraf mühitə düşmədən təkrar emala cəlb olunması ekologiya sahəsində prioritet məsələlərdən biridir. Ölkəmizdə akkumulyatorların emalını həyata keçirən bir sıra müəssisələr fəaliyyət göstərir. Ötən il “Sumqayıt Kimya Sənaye Parkı”nda istifadə müddəti bitmiş batareyaların və akkumulyatorların utilizasiyasını həyata keçirən yeni müəssisə fəaliyyətə başlayıb. Qeyd edək ki, Azərbaycanda iri akkumulyatorların təkrar emalını həyata keçirən digər müəssisələr də fəaliyyət göstərir, yəni ölkədə olan xammal ehtiyatını nəzərə alsaq belə müəssisələr kifayət qədərdir. Lakin təkrar emal üçün cəlbedici olmayan bir sıra tullantıların, o cümlədən istifadə müddəti bitmiş batareyaların ətraf mühit və insan sağlamlığı üçün təhlükə mənbəyinə çevrilməsinin qarşısını almaq üçün ictimaiyyətin davamlı olaraq maarifləndirilməsi çox vacibdir. Təhsil müəssisələrində, məktəblərdə, ictimai yerlərdə, kütləvi informasiya vasitələrində maarifləndirici işlər aparılmalıdır”.

Nazirlik rəsmisi deyib ki, Azərbaycanda ilk dəfə İDEA İctimai Birliyi işlənmiş batareya tullantılarının utilizasiyası məsələsini gündəmə gətirib və onların Bakı şəhəri üzrə təhsil müəssisələrindən toplanaraq, utilizasiya mərkəzlərinə təhvil verilməsi işi təşkil olunub: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bu tədbirlər dəstəklənmiş, gələcəkdə də istehsalçılar, pərakəndə satıcılar və digər maraqlı tərəflərin iştirakı ilə belə layihələrin icrası nəzərdə tutulur. Vətəndaşların da tullantıların idarə olunmasında yaxından iştirakı, xüsusilə təhlükəli tullantıların məişət tullantılarına qarışmasına yol verilməməsi üçün evlərdən çeşidləmə təşviq olunmalıdır. Bakı şəhərində Böyük Britaniyanın “Mott MacDonald” şirkəti ilə birgə əhali arasında çeşidləmənin və təkrar emalın təşviqi layihələrinə start verilmiş və gələcəkdə bu layihələrin digər şəhər və rayonlarda da davam etdirilməsi planlaşdırılır".

M. Nəbiyev hesab edir ki, batareyaların ölkəmizdə utilizasiya etmək üçün lazımi şərait var: "Sumqayit şəhərinin yaxınlıqda 2003-cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində yaradılmış “Təhlükəli tullantıların idarə olunması üzrə Milli Mərkəz” elektrik batareyaların utilizasiyasına imkan verir. Bu Mərkəz beynəlxalq standartlara və normalara cavab verir. Qeyd olunan batareyaların utilizasiyası istiqamətində istehsalçı müəssisələr tərəfindən öz korporativ sosial məsuliyyəti çərçivəsində pilot layihələr icra olunur. Bundan başqa könüllü təşkilatlar, ayrı-ayrı vətəndaşlar tərəfindən məişətdə istifadə olunan batareyalar toplanaraq yuxarıda qeyd olunan Milli Mərkəzə təhvil verilir. Maarifləndirici məqsəd daşıyan bu addım ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təkrar emalın təşviqi, tullantıların azaldılması və səmərəli idarə olunması cəhətdən olduqca vacibdir”.

Onun sözlərinə görə, ümumiyyətlə tullantıların, o cümlədən təhlükəli tullantıların idarə olunmasında, eləcə də onların toplanması, daşınması, təkrar emalı, utilizasiyası prosesində həm istehsalçılar, həm də istehlakçılar yaxından iştirak etməlidirlər: "Tullantıların idarə olunmasında dayanıqlığı təmin etmək üçün istehsalçı məsuliyyəti olmalıdır, yəni məhsulu bazara təklif edən hüqüqi şəxs (istehsalçı, idxalçı, pərakəndə satıcı) onun tullantıya çevrildikdən sonra aqibətinə görə məsuliyyət daşımalıdır. Hazırda bununla bağlı təkliflər maraqlı tərəflərin iştirakı ilə müzakirələrdədir”.

Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən “Azmonbat” MMC-də istifadə müddəti bitmiş qurğuşun turşulu akkumulyator batareyalarının utilizasiyası aparılır, nəticədə propilen və yüksək sıxlıqlı polietilen, qurğuşun külçə, qurğuşunlu aktiv kütlə və ammonium sulfat məhlulu əldə olunur.

MMC-dən “Report”a bildirib ki, müəssisə ildə 30 min ton akkumulyator utilizasiya etmək gücünə malikdir: "Bu, orta hesabla 800 min ədəd akkumulyator deməkdir ki, ondan da 15 min ton qurğuşun və 4,5 min ton gübrə almaq mümkündür. İkinövbəli istehsal prosesi ətraf mühitə zərər vurmadan aparılır, ekoloji standartlara tam cavab verir. İstifadə müddəti bitmiş qurğuşun turşulu akkumulyator batareyalarının utilizasiyasının təşkili həm də xüsusi əhəmiyyətli ekoloji layihədir. Müəssisədə istehsal edilən məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, Türkiyə, Bolqarıstan və MDB ölkələrinə ixrac ediləcək”.

Qeyd edilib ki, şirkət, bir sözlə, qurğuşun tərkibli bütün növ batareyaları, akkumulyatorları qəbul edə bilir: “Biz yeni fəaliyyətə başlamışıq. Müəssisənin avadanlıqları test edilir, hazırda xammal qəbulunu aylıq təqribən min tona çatdırmışıq. Bu göstəricini daha da artırmaq istəyirik. Xammal tədarük edə bilsək, göstəricimiz daha da artacaq. Köhnə akkumulyatorları əhalidən alırıq.

İşlərin üç mərhələdə həyata keçirilməsi planlaşdırılır. Birinci mərhələdə köhnə akkumulyatorların qəbulu, onun ayrılıb, xammal kimi satılması, ikinci mərhələdə yeni akkumulyatorun yığılıb-satılması, üçüncü mərhələdə isə xammalın özünün istehsalı nəzərdə tutulur. Beləliklə üç layihə həyata keçirildikdən sonra artıq tam utilizasiyanın həyata keçirilməsi, yəni köhnə akkumulyatorların yenidən bərpa edilməsi mümkündür”.

Görünür ki, ölkədə təhlükəli tullantıların utilizasiya mərkəzlərinin olmasına baxmayaraq, bu işlərin daha geniş şəkildə təşviqi üçün hələdə bir sıra işlərin həyata keçirilməsi lazımdır. Ən əsas məsələ isə vətəndaşlar arasında bu kimi tullantıların təhvil verilməsi təşviq edilməlidir. Yəni, mərkəzlər bu kimi tullantıları vədəndaşlardan müəyyən edilmiş vəsait hesabına qəbul etməlidir. Bu, ətraf mühitə zərərli tullantıların atılmasının qarşısını ala bilər.

Mənbə: report.az