AMEA-da baş verən toqquşmaların səbəbləri

Milli Elmlər Akademiyasında illərdir gizli şəkildə gedən prosesi “hörümçək” sözünün Orfoqrafiya lüğətində olmaması açıq müstəviyə keçirdi.

Əslində adi bir olay baş vermişdi: hansısa bir sözün Orfoqrafiya lüğətində olmaması və yaxud lüğətdə gözdən qaçması qəbuledilən səhvdir. Bu, sovet dönəmində alimlərin illərlə işlədiyi lüğətlərdə də baş verib, hazırda da dünyanın müxtəlif ölkələrində belə olaylar yaşanır və mütləq yaşanacaq. Guya Orfoqrafiya lüğətində gözdən qaçan, yaddan çıxan və yaxud yığılarkən “düşən” yalnız “hörümçək” sözüdür? Qətiyyən! Ciddi şəkildə araşdırılsa, daha bir neçə sözün lüğətdə əks olunmadığı üzə çıxacaq.

Vaxtilə bu cür sözlərin düzəliş qaydası vardı: siqnal nüsxə dərc ediləndən sonra əvvəlki lüğətlə müqayisə edilərdi və yaddan çıxan, “düşən” sözlər aşkarlanardısa, həmin dövrün çap dərdini nəzərə alaraq, onları ayrıca bir vərəqdə yazıb, kitabın arxa hissəsinə yapışdırardılar.

Əslində, liğətin tərtibçiləri bu barədə açıqlama verdilər və normal da qəbul olunmalıdır. Elan edildi ki, söz çıxarılmayıb, “spayder” də “hörümçək” əvəzinə daxil edilməyib, yalnız “kömpüterdən kompüterə keçərkən düşüb”.

Baxın, hər şey normaldır – son ifadə-izaha qədər. Akademik Möhsün Nağısoylu hər şeyi doğru deyir, ancaq “kompüterdən kompüterə köçürülərkən düşmə” məsələsi ilə ümumiyyətlə kompüter anlayışından bixəbərliyini sübut edir.

Məsələ də burdadır: alimlərin dil bilgilərini şübhə altına almaq, ana dilini korlamaq istəklərindən yox, yeni informasiya axınından, yeni texnologiyadan, yeni iş metodlarından xəbərsizlikləri müzakirə mövzusudur.

Akademiya sisteminin “üstqurumu”nda təmsil olunan alimlərin böyük əksəriyyəti ən azı 70 yaşın üzərindədirlər. Onların bir çoxu sözün tam mənasında böyük alimlərdir, zəhmətkeşdirlər və öz sahələrinin əvəzedilməz biliciləridir. Amma onların yaşı və başı, düşüncə tərzi yeni metodlar və yeni texnologiyalar, yeni yanaşmalarla “çalışmır”: bu gözəl alimlərin iş prinsipi qələm-kitabdır, bəzisi ümumiyyətlə İnterneti dinozavr zənn edir, sosial şəbəkələrdən, yeni tələblərdən, ağıllı telefonlardan xəbərləri yoxdur, onlar üçün söz “kompüterdən kompüterə” piyada gedir və bəziləri yolda “azır”...

Sosial şəbəkələrdə ciddi tənqid edilən alimlər – İsa Həbibbəylidən tutmuş İsmayıl Məmmədliyə qədər – böyük bir nəslin yetişməsində müstəsna rol oynayıblar. Amma hazırda nə səhhətləri, nə də yeni texnoloji bilikləri onlara məsuliyyət altına girməyə imkan verir.

İsa Həbibbəyli açıqlama verərək, Orfoqrafiya lüğətinin bu il yenidən dərc ediləcəyini və bəzi səhvlərin düzəldiləcəyini bildirib. Dövlət dili haqqında qanuna əsasən, Orfoqrafiya lüğəti “5 ildən gec olmayaraq” dərc edilməlidir. Arada buraxılan illərlə boşluqdan sonra bir il fərqlə “8-ci nəşri” hazırlamaq kimə lazımdır? Cəmi bir söz “düşüb” deyə, tənqidlərdən yaxa qurtarmaq üçün tez-tələsik növbəti nəşri bu il içində gerçəkləşdirmək məntiqlidirmi?

Əksinə, bu səhvlər hər biri qeydə alınmalı, dildə gedən proseslər izlənməli, daha mükəmməl nəşr üçün hazırlıqlar aparılmalı və 3-4 ildən sonra daha təkmil nəşr ortaya qoyulmalıdır. Bir il içində yeni nəşr üçün indiyə qədər hansı hazırlıqlar olub, hansı dəyişikliklər müzakirə edilib, hansı ictimai müzakirələrin aparılması fürsəti yaranıb?

Olmayıb belə hazırlıqlar. Bəs, bir “hörümçəy”ə görə yeni nəşrə gedərlərmi?

AMEA prezidenti Ramiz Mehdiyev parkinson xəstəliyindən əziyyət çəkir – yaşını da bilməyən yoxdur. Hərdən aldığı yalan-doğru informasiyalar əsasında tənqidi fikir işlədir, aləm dəyir bir-birinə. Dünən belə bir tənqidə görə Tarix İnstitutunun çox dəyərli direktoru istefa verdiyini açıqladı.

Yaqub Mahmudov yaşına baxmayaraq, kifayət qədər enerjili və həddən artıq milli bir alimdir. R.Mehdiyev bu yaşlı-başlı və təcrübəli akademiki qəfil yola saldı, yerinə gələn daha gənc və Y.Mahmudovun da, ictimaiyyətin də güvəndiyi bir alimdir. İndi bu alimlə də dil tapa bilmir.

Ramiz Mehdiyevin bir çox hallarda sərt tənqidləri olur – yeyintilərlə bağlı, ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməməsi ilə əlaqədar. Doğrusu, bu, AMEA tarixində bəlkə də nadir rast gəlinən haldır. AMEA prezidentlərindən heç biri indiyə qədər ümumi yığıncaq və toplantılarda hansısa direktoru bu qədər açıq tənqid etməyib və ya araşdırma komissiyasının hesabatını cəmiyyətə açıq elan etməyib. Ramiz Mehdiyev bunu edir.

Ancaq inzibati-amirliyə öyrəşən, hazırda səhhəti səbəbindən onu yerinə yetirə bilməyən və yeni texnologiya və elmi yanaşmaları həzm edə bilməyən Ramiz Mehdiyev bu “yeniliklə” iderəetmədə uğur qazanacağını düşünürsə, kökündən yanlışdır. O, getməlidir - elə onun yanındakı, İH-dəki bir çox alimlə birgə. Daha gənc alimlər vəzifəyə gəlməldir və yaxud ümumiyyətlə, idarəetmə üçün yaxşı alim axtarışından əl çəkilməli, yaxşı menecer tapılmalıdır.

AMEA-dakı köhnə iarerxik quruluş dəyişməlidir: akademiklər rəhbərlikdən ayrılmalıdır, gənclər gəlməli, ancaq bu tanınmış, şöhrətli alimlərimizin təcrübəsindən, biliyindən maksimum istifadə edilməli, onların hər birinə xüsusi status verilməlidir - əslində, akademik adı ilə bu statusu alıblar.

Ya nə vaxta qədər yüksək vəzifələrdə çalışa-çalışa akademik olanların vəzifədən çıxarılandan sonra AMEA və yaxud AMEA institutularında rəhbər olması davam edəcək ki...

 

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Antiinflyasiya tədbirləri hazırlayan İşçi qrup işə başladı

SONRAKI XƏBƏR

Neftçalada itkin düşən məktəbli tapılıb