Polşada COVID-19 testi ödənişsiz olacaq

Polşada COVID-19 testi ödənişsiz olacaq

Yanvarın 27-dən etibarən Polşa vətəndaşları həkim göndərişi olmadan apteklərdə pulsuz COVID-19 testi verə biləcəklər. “Omikron” ştamının aşkar edilməsi və COVID-19-a yoluxanların sayının rekord həddə çatması səbəbindən Polşa koronavirusla mübarizə strategiyasını dəyişir.

AZƏRTAC xəbər verir ki, bu barədə Polşanın Baş naziri Mateuş Moravietski və səhiyyə naziri Adam Niedzielski mətbuat konfransında bildiriblər.

“Biz yeni vəziyyətlə üzləşmişik və buna bacardığımız qədər hazırlaşmaq istəyirik. Buna görə də koronavirusla mübarizə strategiyamızda dəyişikliklər və təkmilləşdirmələr edirik”, - deyə - Polşanın Baş naziri bildirib.

Qeyd edək ki, Polşa hökuməti mətbuat konfransı zamanı karantin müddətinin 14 gündən 7 günə endirildiyi, eləcə də ölkə hökuməti yanında Tibb Şurasının ləğv edildiyi və onun əvəzinə COVID-19-a qarşı Mübarizə Şurasının yaradıldığı bildirilib.

Xatırladaq ki, ötən sutka ərzində Polşada 36 min 665 yeni yoluxma halı qeydə alınıb, bu da bütün pandemiya dövründə ölkə üçün rekord göstəricidir.

Mənbə: azertag.az