Kəmalə Ağazadə: "Atalar, analar, baxın yaratdığınız "məhsullara"

Kəmalə Ağazadə: "Atalar, analar, baxın yaratdığınız "məhsullara"

Ötən gün Azərbaycanda orta məktəblərin birində çəkilən görüntülər müzakirələrə səbəb olub. Bir çox sosial platformalarda yayılan videoda şagird nizam-intizamsızlığını əks etdirən görüntülər yer alıb. Orta məktəb şagirdləri sinifdə divara asılan tanınmış şəxsiyyətlərin tablolarını gəzdirir, partaları dağıdır və başqa bu kimi ədəbsiz hərəkətlər edirlər. Sosial şəbəkələrdə yayılan bu görüntülər görənləri hiddətləndirib. Təhsil ocağında baş verən bu nizam-intizamsızlıq istifadəçilər tərəfindən qəzəblə qarşılanaraq qınanılıb.

BAKU.WS xəbər verir ki, baş verənlərə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə də sərt reaksiya verib. O, sosial şəbəkədə sözügedən görüntüləri yayımlayaraq bunları yazıb:

"Baxın və zövq alın, atalar, analar! Baxın yaratdığınız "məhsullara"... Baxın müəllimin biganəliyinə. Uşağın davranışı evdən formalaşır, məktəbə artıq yetişmiş "məhsul" gəlir.

Məktəb də pul yığımını, repetitorluğu, saat yüklərini, şəxsi maraqlarını havalarda tutduğundan uşaqla işləmək, davranışlarına təsir etmək qüvvəsi qalmır.

Bu uşaqlar bir müddətdən sonra böyük topluma çevriləcək. Daha sonra bu toplum sizə öz "qanunlarını" diqtə edəcək!!!
Müəllimi intihar həddinə çatdıracaq bir toplum cəmiyyəti intihara aparacaq və vətəndaş sözü daş olaraq yerlərdə olacaq..."

Mənbə: baku.ws