Fərrux Sədirov: “Buster” doza ilə vaksinasiya orqanizmdə daha dayanıqlı immun cavabın formalaşması üçün tətbiq edilir

Fərrux Sədirov: “Buster” doza ilə vaksinasiya orqanizmdə daha dayanıqlı immun cavabın formalaşması üçün tətbiq edilir

Bakı, 25 yanvar, AZƏRTAC

Dünyada ilk dəfə 1796-cı ildə vaksin istehsal olunandan sonra bəzi infeksion xəstəliklər səbəbindən baş verən bir çox ölüm hallarının və əlilliklərin qarşısı alınıb. Bu, vaksinlərin əhəmiyyətini sübut edir. Ümumiyyətlə peyvəndlərin təsir mexanizmi bir-birlərinə oxşardır və onlar əsasən canlı və cansız vaksinlər olmaqla iki qrupa ayrılır. Peyvəndlərin tərkibində canlı və ya ölmüş mikroorqanizmlər, onların zülalları, komponentləri və protein parçacıqları ola bilər. Peyvəndləmə orqanizmdə hüceyrəvi və humoral immunitetin formalaşmasına səbəb olur. Bütün peyvəndlər 0, 1, 2, 3 fazalarında klinik sınaqlardan keçirilir. Proses aidiyyəti qurumların nəzarəti altında reallaşdırılır. Sınaqlar zamanı peyvəndlərin effektivliyi və təhlükəsizliyi kimi keyfiyyət standartları yoxlanılır. Hazırda yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə istifadə olunan vaksinlər də bütün klinik və laborator fazalardan keçərək tətbiqinə icazə verilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Klinik Tibbi Mərkəzin həkim-infeksionisti Fərrux Sədirov peyvəndlərin effektivliyi, “buster” dozanın əhəmiyyəti barədə danışarkən deyib.

Həkim-infeksionist qeyd edib ki, koronavirus infeksiyası əleyhinə də istifadə edilən “buster” doza ilə vaksinasiya orqanizmdə infeksiya əleyhinə daha dayanıqlı immun cavabın formalaşması üçün tətbiq edilən gücləndirici dozadır: ““Buster” dozanın tətbiq edilməsində məqsəd ilkin peyvəndləmədən sonra yaranan, lakin vaxt keçdikdə azalmağa başlayan anticisimləri artırmaqdır. “Buster” dozanın tətbiq vaxtı virus törədən mikroorqanizmlərin xüsusiyyətinə görə dəyişir. Misal üçün, tetanus xəstəliyinə qarşı “buster” doza ilkin peyvəndləmədən 10 il sonra tətbiq edildiyi halda, onun koronavirus əleyhinə tətbiq vaxtı iki doza vaksinasiyadan 6 ay sonradır”.

F.Sədirov, həmçinin bildirib ki, vaksinlərin hamilələrə və körpələrə zərər verməsi ilə bağlı yayılan fikirlər mifdir: “Hamilə qadınların peyvəndlənməsinin məqsədi ananı və körpəsini infeksiyalardan qorumaqdır. Peyvəndləmədən sonra anada əmələ gələn immunitet bətnindəki uşağı xəstəliklərdən qoruyur. Digər əhali qruplarında olduğu kimi hamilələrdə də istifadə edilən bütün vaksinlər klinik və laborator sınaqlardan keçirilir, təhlükəsizlik və keyfiyyət parametrləri yoxlanılır və daha sonra tətbiqinə icazə verilir. Hazırda hamiləliyinin 12 həftəsini tamamlamış qadınların COVID-19 əleyhinə vaksin vurdurmasına icazə verilir və ölkənin səhiyyə qurumları tərəfindən tövsiyə edilir”.

Mənbə: azertag.az