Hans Klüge: Regionda reanimasiyaya düşənlərin çoxu vaksinlənməmiş insanlardır

Hans Klüge: Regionda reanimasiyaya düşənlərin çoxu vaksinlənməmiş insanlardır

Bakı, 25 yanvar, AZƏRTAC

ÜST-nin Avropa regionunda COVID-19-a ilk yoluxma hadisəsindən, - bu fakt Fransada qeydiyyata alınmışdı, - iki il keçir. İndi pandemiyanın yeni mərhələsi başlanır: vəziyyətin sabitləşəcəyinə ümid yaranıb.

AZƏRTAC BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, bu fikri ÜST-nin Avropa bürosunun rəhbəri doktor Hans Klüge söyləyib.

Hans Klügenin sözlərinə görə, hazırda “omikron” ştamı regionda çox sürətlə yayılmaqdadır. Bu ştamın Cənubi Afrikada aşkar edilməsindən iki ay sonra o, regionda COVID-19-a yoluxma hallarının 32 faizinə səbəb olur. Bu, ötən həftə üzrə müvafiq göstərici ilə müqayisədə 15 faiz çoxdur.

ÜST-nin Avropa bürosunun rəhbəri bir daha təsdiq edib ki, “omikron” xəstəliyin ağır keçməsinə nadir hallarda səbəb olduğuna baxmayaraq yoluxmaların ümumi sayı artır və xəstəxanalar daha gərgin rejimdə işləməli olur. Doktor Klüge deyib: “Bizim düşündüyümüz kimi: Regionda reanimasiyaya düşənlər əsasən vaksinlənməmiş insanlardır”.

Ötən iki ildə regionda 1,7 milyon nəfər COVID-19 səbəbindən vəfat edib. Bu xəstəlik orta hesabla hər saatda 99 insanın həyatına soy qoyub. Pandemiya yoxsulluğa qarşı mübarizə üçün illər boyu göstərilən səyləri heçə endirib. Hazırda ÜST-nin Avropa regionuna daxil olan ölkələrin 4 milyona yaxın sakini yoxsulluq həddindən aşağı səviyyədə yaşayır.

Xatırladaq ki, bu göstərici gündə 5,5 dollar səviyyəsində müəyyən edilib. Doktor Klügenin sözlərinə görə, böhran uşaqların təhsilinə, onların psixi sağlamlığına və bütövlükdə rifah səviyyəsinə mənfi təsir göstərib. ÜST nümayəndəsi deyib: “Elmi uğurlar və beynəlxalq əməkdaşlıq sayəsində hazırda bizim sərəncamımızda on müxtəlif vaksin var, daha bir neçə vaksin hazırlanır. Bu, son onillikdə ən böyük elmi uğurlardan biridir”.

Doktor Klüge vaksinlərin ədalətli bölgüsünü təmin etməyə çağırıb və xatırladıb ki, region sakinlərinin çoxu üçün peyvəndlər hələ də əlçatan deyil. Bu isə virusun daha çox yayılmasına, pandemiyanın uzanmasına gətirib çıxarır, virusun yeni variantlarının əmələ gəlməsinə şərait yaradır.

ÜST-nin Avropa bürosunun rəhbəri daha sonra deyib: “Düşünürəm ki, infeksiyanın yeni dalğaları tam lokdaunlar və digər oxşar tədbirlər tətbiq olunmasını tələb etməyəcək”.

Mənbə: azertag.az