Sürətli fiber-optik bağlantıya qoşulan təhsil müəssisələrinin sayı artır

Sürətli fiber-optik bağlantıya qoşulan təhsil müəssisələrinin sayı artır

Bakı, 25 yanvar, AZƏRTAC

Azərbaycanda sürətli fiber-optik bağlantı ilə təmin olunan təhsil müəssisələrinin sayı artmaqdadır.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, hazırda Azərbaycan Təhsil Şəbəkəsi ümumilikdə 4292 təhsil müəssisəsini əhatə edir.

Ötən il ərzində 478 təhsil müəssisəsi sürətli fiber-optik bağlantı ilə Azərbaycan Təhsil Şəbəkəsinə qoşulub. Nəticədə fiber-optik bağlantı ilə şəbəkəyə qoşulmuş ümumi təhsil müəssisələrinin sayı ümumilikdə 726 olub.

Fiber-optik internet bağlantısının təmin edilməsi məktəblərdə məlumatların ötürülmə sürətinin artırılmasını, yeni vayfay zonalarının yaradılmasını, sinif otaqlarında yeni kompüter avadanlıqlarının qoşulması və bununla da daxili şəbəkənin genişləndirilməsini mümkün edib. Bununla yanaşı, məktəblərdə tədrisin innovativ formatda təşkil olunması, dərslərin kəsintisiz distant formatda keçirilməsi və dərs zamanı interaktiv alətlərdən istifadə üçün geniş imkanlardan faydalanmaq imkanı yaradılıb.

Qeyd edək ki, Azərbaycan Təhsil Şəbəkəsi müxtəlif pillələr üzrə təhsil müəssisələrini, eləcə də təhsil sahəsində dövlət siyasətini həyata keçirən qurumları vahid şəbəkədə birləşdirir. Azərbaycan Təhsil Şəbəkəsinin təqdim etdiyi başlıca imkanlar internetə yüksək sürətli çıxışın təmin olunması, internetin zərərli məzmunlardan filtrasiyası, intranet şəbəkəsinin qurulması və intranet üzərindən rabitənin (İP telefoniya, videokonfrans) təşkili, təhsil müəssisəsində videomüşahidə xidmətinin qurulması, eləcə də şəbəkə və avadanlıqlara texniki dəstək xidmətinin göstərilməsidir.

Mənbə: azertag.az