Qrup imtahanı adlanan əcaib sistem, təhsildə DİM SƏDDİ - “40 manata sınaq olar?

Qrup imtahanı adlanan əcaib sistem, təhsildə DİM SƏDDİ - “40 manata sınaq olar?

Təhsil üzrə ekspert Elşən Qafarovun fikrincə, Rusiyada atılan bütün addımlar 2, 3, 5 il fərqilə Azərbaycanda tətbiq olunur. Məsələn, Rusiyada iki mərhələli imtahandır. Birinci mərhələ buraxılış imtahanı, ikinci mərhələdə isə seçilən ixtisaslar üzrə. Müsahibə zamanı Qafarov Təhsil haqqında qanundan da bəhs edib. Belə ki, Azərbaycanda mülkiyyət növündən asılı olmayaraq bütün ali və orta ixtisas müəssisələrinə qəbul mərkəzləşdirilmiş qaydada, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aparılır:

“Müasir təhsil sistemi olan ölkələrdə qrup imtahanı adlanan əcaib sistem yoxdur”.

Bizim.Media ilə sual-cavab əsnasında təhsil eksperti bildirib ki, qrup imtahanlarının təsdiq olunduğu 30 il ərzində Azərbaycanda hansı ixtisası seçə, peşədə işləyəcəyini bilməyən, oxumağa məcbur qalan kütlə yetişib.


Azərbaycanda hər 100 gəncdən 95-i arzulamadığı peşə üzrə oxumaq məcburiyyətindədir:

“Əsas problem burdadır. İmtahanların çətin aparılmasına görə, Azərbaycan əhalisinin 17 %-i ali təhsillidir. Bu rəqəm Rusiya, Ukrayna, Qazaxıstan, hətta bizim düşmən ölkə - Ermənistandan qat-qat aşağıdır.

DİM Azərbaycan cəmiyyətində gənclərin təhsil almasına vasitəçi yox, Çin səddi kimi böyük bir maneədir”.

-Bunun səbəbi nədir?

“1992-ci ildə Tələbə Qəbulunun (DİM) bütün təlimlərinin hamısını Soros Fondunun təlimçiləri keçirdi. Bu gün Azərbaycanın təhsil sistemində xarici maraqları əks etdirən konkret insanlar oturub.

Dəfələrlə təklif eləmişik ki, DİM-in qrup imtahanları ixtisaslar üzrə keçirilsin. Lakin bunlar üçün öldü var, döndü yoxdur. Mənə dünyanın normal bir ölkəsini göstərsinlər ki, orada qrup imtahanları var. Bu məsələnin bir tərəfi. İkincisi, təsəvvür edin ki, bunlar mart ayında imtahan keçirirlər. Tədris proqramı bitməyib. Təhsil sisteminin isə borcu, vəzifəsidir ki, dövlətin təhsil standartlarına uyğun olaraq qəbul olunan təhsil proqramları ilə təhsil keçsin. Etiraz edirik və DİM deyir ki, imtahanlara martdan sonrakı mövzuları salmırıq. Əgər martdan o yana olan mövzular salınmayacaqsa, imtahan niyə baş tutur?

Aprel, may, iyun – 3 aylıq proqramlar yerinə yetirilmir.

Dərsə davamiyyət problemləri yaranır. Uşaq məktəbə gəlmək istəmir.

Ümumiyyətlə, DİM-in istər qrup imtahanı məsələləri, istər imtahanlara çətin sualların salınması və buraxılış imtahanlarının tədris ilinin ortasında reallaşdırılması təhsilə maneədir”.

Elşən Qafarov xatırladıb ki, ölkənin təhsil siyasətini həyata keçirən mərkəzi icra orqanı var – o da Təhsil Nazirliyidir. Yəni dövlətin təhsil sahəsində bütün vəzifələrini Təhsil Nazirliyi həyata keçirir. Amma DİM-in də öz qəbul proqramı və buna uyğun vəsaitləri var. Sınaqlar təşkil edirlər:

“40 manata sınaq olar? DİM texniki qurumdur. Dəfələrlə təklif etmişik ki, testin hazırlanması DİM-dən alınsın. Ya Baş nazir, ya da Prezident Aparatı yanında xüsusi testologiya institutu yaradılısın”.

Təhsil ekspertinin sözlərinə görə, dünyanın heç bir ölkəsində DİM Azərbaycandakı qədər səlahiyyətlərə sahib deyil. Çünki DİM-lər adətən texniki prosesləri həyata keçirir, ölçmə meyarlarını hazırlayır. Dünyada belə bir şey yoxdur ki, imtahan keçirən təşkilat testləri hazırlamış olsun. DİM neytral olmalıdır.

Müsahibin sözlərinə görə, DİM Təhsil Nazirliyinə qarşı səs-küy yaratmaq üçün vaxtaşırı test suallarını çətinləşdirib:

“Misir Mərdanovun vaxtında Təhsil Nazirliyyi ilə DİM arasındakı soyuq savaşa səbəb də məhz Dövlət İmtahan Mərkəzinin bu addımları olub. Bura digər nazirlərin dövrünü də aid etmək olar.

DİM kifayət qədər təcrübə toplamış təşkilatdır və publik hüquqi şəxsdir. Büdcədən maliyyələşir, dövlət ona əlavə qazanc hüququ da yaradıb. Sadəcə olaraq DİM daha çox qazanc əldə etmək istəyir. Bu da sıravi insanların işini çətinləşdirir”.

Anar Rəhimov

Mənbə: bizim.media