“Aclıqdan bir dəri, bir sümük qalmışdım” - 100 yaşlı Fatma Səttarova

Bu gün keşməkeşli həyat yolu ilə Azərbaycan xalqının rəğbətini qazanan, mərd, cəsarətli Azərbaycan xanımı, həyatının beş ilini İkinci Dünya müharibəsinin yaratdığı çətinliklərlə keçirən Fatma Səttarova barəsində danışacam. Ötən gün onun 100 yaşı tamam oldu.

Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Fatma Hüseyn qızı Səttarovanın “İstiqlal” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.

Biz də Fatma Səttarovanı səmimi qəlbdən təbrik edir, ona can sağlığı arzu edirik. Elə təbrikimizi də şəxsən ona çatdırmaq məqsədilə Fatma xanımın görüşünə yollandıq.

Fatma Səttarova 1922-ci ildə Bakıda dünyaya gəlib. Ailənin tək övladı olsa da, müharibənin başlandığı ilk aylarda, 1941-ci ildə 18 yaşında İkinci Dünya müharibəsinə tibb bacısı kimi könüllü olaraq cəbhəyə yollanıb. Keşməkeşli həyat yoluna gənc yaşlarından başlayan Fatma Səttarova həmin günləri bugünkü kimi xatırladığını deyir.

Oxu.Az-ın əməkdaşı Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarova ilə həmsöhbət olub.

- Sizi yubileyiniz və “Istiqlal” ordeni ilə təltif olunmağınız münasibətilə təbrik edirik. Möhkəm cansağlığı arzulayırıq.

-Çox sağ olun, qızım. Var olasınız.

Bilmək istərdik, 100 illiyinizi necə qeyd edəcəksiniz?

-Doğum günümdə ilk təbriki prezident İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban Əliyevadan aldım. Mənə qiymət verib, təbrik etdikləri üçün qürur duyuram. Ölkə başçımız tərəfindən “İstiqlal” ordeni ilə təltif olunmağım isə mənim üçün çox xoş oldu. Ordeni özü təqdim etdi, bu məni çox sevindirdi.

-Özünüzü necə hiss edirsiniz, bu yaşda xalqın bu qədər sevgisini qazanmaq hər kəsə nəsib olmur.

-İnanırsınız, özümü heç 100 yaşında hiss etmirəm. Bu sevgi, bu qayğı məni o qədər sevindirir ki, ruhum cavanlaşır. Bu xoş münasibət, sevgi mənim ömrümü bəlkə bir qədər də uzatdı. Sevincimdən bu gecə gözümə yuxu da getməyib (gülür). Hansı telekanala baxmışamsa ölkə başçısının məni təltif etdiyi kadrlar çıxıb qarşıma. Qürur duyuram. Heç istəmirdik ki, televizoru söndürək.

-Doğurdan da yaş sadəcə rəqəmdir. 100 yaşa görə, çox gülərüz və pozitiv xanımsınız. Bunun sirri nədir Fatma xanım?

-Mən hər zaman özümü xoş günlərə kökləmişəm. Xalqımı, millətimi, dövlətimi sevə-sevə böyümüşəm. Çox gənc yaşlarımda həyatın yükünü çiyinlərimə almışam. Amma buna baxmayaraq mən əzmli olmuşam, özümü övladlarıma, vətənimə həsr etmişəm. Leninqradda blokadaya düşdüyümüz dövrdə demək olar ki, ac-susuz qaldım. Blokadadan çıxdıqdan sonra həkim müayinəsi zamanı mənə dedilər ki, siz uzunömürlü olacaqsınız. Mən isə güldüm keçdim. Sonra o dövrlərdə bir həkim mənə dedi ki, “ac qaldığınız zaman orqanizm özü-özünü təmizləyib”. Bu isə çox yaxşı haldır. Mən o zaman inanmadım, çünki arıqlamışdım, heç yaxşı hiss etmirdim özümü. Amma indi görürəm ki, o həkim düz deyirmiş. Uzun ömürlüyün elə bir xüsusi sirri yoxdur. Sadəcə insan gərək qəlbini təmiz saxlasın, Allahına hər gün üçün şükür etsin. Mən Allahımdan da, dövlətimizdən də razıyam.

“Aclıqdan bir dəri, bir sümük qalmışdım”

-Müsahibələrinizin birində müharibə illərindən danışmısınız. 4 il ərzində gördüyünüz dəhşətləri, ağrı-acıları, yaşadığınız zillətli günləri unuda bilmədiyinizi qeyd etmisiniz. Ən çox hansı hadisələri xatırlayırsınız?

- Leninqradda blokadaya düşməyimiz. O hadisə məndə çox dərin izlər qoyub. O ərəfədə mən və bir neçə tibb bacısı müharibənin qızğın yerinə ezam olunmuşduq. İkinci Dünya müharibəsi dövründə 1941-1942-ci illərdə Moskva uğrunda döyüşlərdə də iştirak etmişəm. Təcrübəli tibb bacısı olduğum üçün ağır döyüşlər gedən ərazilərə getməkdən qorxmurdum. Mərd, cəsarətli xanım olmuşam. Cəbhə yollarında çoxlu sayda yaralıların həyatını xilas edirdik. Bəzən buna nail olurduq, bəzən isə təəssüf ki, almanların dayanmadan bombardman etməsi nəticəsində yaralılara müdaxilə edə bilmirdik. O vaxt almanlar Leninqradı mühasirəyə almışdılar. Orada Ladoqa gölü var idi. Ordu irəlilədikcə biz yaralılara ilkin müdaxilə edərək onları bu göldən keçirib ərazidən çıxarmağa çalışırdıq. Eləsi oldu, blokadadan çıxaraq bildik, eləsi də oldu ki, gölün ortasında bombalanaraq həlak oldular. Bunu seyr etmək çox ağır idi. Alman təyyarələri hər tərəfi bombalayırdılar.

Mən düz dörd ay həmin mühasirədə qaldım. Ladoqa gölü bizim xilas mənbəyimiz idi. O göl vasitəsilə bizə ərzaq, dava-dərman daşınırdı. Bərələrdən keçən zaman neçə-neçə insanın həlak olmasının şahidi oldum. Elə bizimlə gedən tibb heyətinin də böyük hissəsi həlak oldu. Allahın möcüzəsi idi ki, mən o blokadadan sağ çıxaraq, geri qayıtdım. Çox gərgin vəziyyət idi. Yeməyə 150 qram qara çörək, 100 qram jımıx verirdilər. Aclıqdan çox arıqlamışdım, bir dəri, bir sümük qalmışdım desəm yalan olmaz. Suyu qaynadıb ağacdan yarpaqları içinə atıb çay kimi içirdik. Sovet ordusu gəlib blokadanı yardıqdan sonra hospitallara gedib xidmətimizi yaralılara kömək etməklə davam etdirdik. Müharibədən sağ çıxmaq dözümlülük tələb edir. Dözümlü olmasaydım oradan bəlkə də sağ çıxa bilməzdim.

Onu da xatırladım ki, o vaxt Moskva ətrafında döyüş meydanında F.Səttarovanın özü də ölümlə üz-üzə gəlib. Onun özünü də yerin altından çıxarmalı olublar. O, xidməti vəzifəsini yerinə yetirərkən səngərdə olub və bu zaman tanklar onun üstündən keçib.

-1937-ci ildə Bakıdakı Tibb Texnikumuna daxil olmusunuz. 1940-cı ildə həmin texnikumu 27 qız bitirmişdi. Onlarla sonradan əlaqələriniz qaldımı?

- Biz texnikumu bitirdikdən sonra hər birimizə hərbi bilet verildi. Müharibə başlayan zaman bizim hər birimiz müharibə zonalarına ezam olunduq. Mən məzun olduqdan bir il sonra -1941-ci ildə müharibə başladı. Ondan sonra İçərişəhərdə yerləşən Bakı Hərbi Komissarlığına getdik. Bizə toplanmaq üçün 3 gün möhlət verildi. Çantalarımızı, zəruri əşyalarımızı topladıq və getdik vağzala. Hər vaqona bir tibb bacısı yazıldı və həkim heyəti ilə yola düşdük. 1941-ci ilin sonuna yaxın Moskva ətrafında qızğın müharibənin ortasına düşdük. Mərhələli şəkildə irəliləyirdik.

-Sizinlə gedən heyətdən neçə nəfər sağ qayıtdı?

-Bunu dəqiq deyə bilməyəcəm. Lakin, təəssüf ki, tibb heyətinin çoxu həlak oldu. Müharibənin çox ağır dövrü idi. Ərazilər bombardman olunurdu. Təsəvvür edin ki, hərəkət müşahidə edən kimi bombalayırdılar.

-Həyat yoldaşınız Məhəmməd Səttarov Montin adına Maşınqayırma Zavodunun direktoru olub. Onunla necə tanış olmuşdunuz?

-Onunla eyni məhəllədə yaşayırdıq. Hətta qonşu idik. Elə hamı kimi tanış olub 1940-cı ilin sonlarında ailə qurduq. 1941-ci ildə isə cəmi 5 aylıq ailə həyatımızdan sonra müharibə bizi ayırdı. İkimiz də könüllü şəkildə müraciət etmişdik ki, bizi müharibəyə aparsınlar. Lakin onu aparmadılar. Onu və digərlərini Maşınqayırma Zavodunda fəaliyyətə cəlb etdilər. Zavod profilini dəyişərək hərbi təyinatlı silah-sursat istehsalına keçmişdi. Zavodun işçiləri isə arxa cəbhənin iştirakçıları olub. Ona görə də Məhəmməd Bakıda qaldı, mən isə şəfqət bacısı kimi cəbhəyə getdim. O vaxt Rusiyanın şəhərlərinin böyük hissəsi mühasirəyə alındığından cəbhə üçün təchizat istehsal edirdilər.

Təəssüf ki, mən qayıtdıqdan bir müddət sonra həyat yoldaşım vəfat etdi. Erkən yaşda vəfat etməsi məni çox üzdü. Dörd uşaqla tək qaldım. Çətinliklə də olsa övladlarımı böyütdüm, onlara ali təhsil verdim. Çörək almaq çətin idi. Zavodun tabeliyində əkin sahəsi var idi. Oradan turp gətirirdik. Onu qaynadırdıq ya da qızardıb yeyirdik. 1992-ci ildən sonra hər şey yaxşılığa doğru dəyişdi. Azərbaycan ulu öndər Heydər Əliyevin siyasəti nəticəsində çətin günləri geri qoydu. Bu gün də onun siyasətini Ali Baş Komandanımız, İlham Əliyev davam etdirir.

Həmin çətin günlər bu gün də mənim yadımdadır. Tək ana, dörd uşaqla qalmışdım ki, onları sağ-salamat boya-başa çatdırım. Şükürlər olsun ki, hər biri üzümü güldürdü, başımı uca elədi. Övladlarımdan çox razıyam. Bu gün ürəyim iki övlad dağı ilə yanır. Bir ilin içərisində iki oğlumu xəstəlikdən itirdim. Ayın 30-u oğlumun vəfatından 40 gün keçəcək. Bir oğlum, bir qızım qalıb.

Fatma xanımın böyük oğlu böyrək çatışmazlığından əziyyət çəkirdi. Pandemiya dövründə təəssüf ki, virusa yoluxaraq vəfat edib. Digər oğlu isə uzun müddət davam edən xəstəlik səbəbindən dünyasını dəyişib.

-Fatma xanım nəvə-nəticələrinizin olduğunu bilirəm, bəs kötücəniz necə, varmı?

-Nəvə-nəticələrim var. Məni çox istəyirlər. Mən onlarla nəfəs alıram. Gələn kimi də əlimə bir də cibimə baxırlar (gülür). Nə var, nə yox cibimdən götürüb qaçışırlar otaqlara. Hamısı mənimlə məsləhətləşirlər. Bəzən ana-ataları hirslənir ki, biz deyəni etmirlər, sən deyəni edirlər. Kötücəm yoxdur. Allah ömür versə, onu da görərəm. 11 nəvəm, 25 nəticəm var.

- Xüsusi qida rasionunuz varmı Fatma xanım?

-Hamımız kimi mən də bütün yeməklərin yaxşısını sevirəm. Meyvə sevənəm, çalışıram ki, meyvə çox yeyim. Almanı xüsusilə sevirəm. Milli mətbəximizi, Avropa mətbəxinin yeməklərini xoşlayıram. Çalışıram çox yağlı yeməklərlə yox, yüngül, həzmi rahat olan yeməklərlə qidalanım.

-44 günlük Vətən müharibəsi zamanı təmsil olunduğunuz Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı dövlətimizin, ordumuzun yanında olub, qazilərimizə, şəhid ailələrinə mənəvi dəstək verib, diqqət və qayğı göstərib. Eşitdiyim qədərilə müharibədə iştirak etmək üçün şəxsən müraciət etmisiniz, bu doğrudur?

- Bəli, mən şəxsən müraciət edib könüllü iştirak etmək istədiyimi bəyan etmişdim. Sadəcə olaraq yaşım çox olduğundan məni qəbul etmədilər. Hər kəs məni ovcunun içərisində saxlayır. Deyirlər ki, “Fatma xanım, sizdən bir dənədir, təkrarınız yoxdur. Biz sizi ora necə apara bilərik?”. Qayğıma qalırlar. Mənim müraciətimə hətta gülmüşdülər, amma bu mənim Vətən sevgimdən irəli gəlir.

Lakin 44 günlük Vətən müharibəsini hər gün izləyirdim. Ürəyimdə əmin idim ki, biz qalib gələcəyik. İllərdir Ali Baş Komandanımız bu müharibəyə hazırlıq görür. Bizim çox güclü ordumuz, çox müasir hərbi texnikalarımız var. Ali Baş Komandan ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi. Gec də olsa, tez də olsa Qarabağ geri qayıdacaqdı və qayıtdı. Prezident İlham Əliyev torpaqlarımızı geri almaqla, atasının vəsiyyətini yerinə yetirməklə yanaşı, xalqımızın ata-baba yurdlarına olan həsrətinə də son verdi.

Müharibə bitənə qədər prezident İlham Əliyevin əynindən hərbi geyim çıxmadı. O daim ordunun yanında oldu. Gecə-gündüz ordu ilə əlaqə saxlayırdı. Azərbaycan ordusunun 44 gün ərzində göstərdiyi şücaət tarixə qızıl hərflərlə yazıldı. Qarabağ Azərbaycandır!

-İşğaldan azad olunan ərazilərə getmək istəyirsinizmi?

- Mən bu barədə də müraciət etmişəm. Lakin yol uzaqdır və səhhətimlə bağlı narahat olaram deyə məni aparmırlar. Prezidentimiz və Birinci vitse-prezidentimiz məni mümkün ola biləcək bütün təhlükədən qorumaq istəyirlər. Şuşada “Xarı Bülbül” festivalına getmək istəyirdim, lakin mənə dedilər ki, televizorda yayımlanacaq, rahat-rahat baxarsınız. Mən də onların sözlərinə əməl etdim. Aidiyyəti qurumların hər birinin rəhbər şəxsləri xətrimi çox istəyirlər. Mənə deyirlər ki, biz Azərbaycan xalqının qarşısında sizə görə məsuliyyət daşıyırıq, sizi qorumalıyıq. Mənə ana deyirlər, mən də xalqımın yaxşı övladlarını öz balalarım kimi sevirəm.

-Övladlarınızdan biri Amerikada yaşayır. Niyə onlara qonaq getmək istəmirsiniz?

-Mən öz Vətənimdən çıxmaq istəmirəm. Yoldaşımın, övladlarımın məzarları buradadır. Ömür boyu Azərbaycan üçün yaşamışam. Bu yaşdan sonra doğma torpağımızdan çıxmaq istəmirəm. O məni görmək istəyəndə gəlir, görür. O təhsili ilə bağlı gedib, orada da vətənimizi təmsil edir. Mən Azərbaycanda dünyaya gəlmişəm, Allah nə qədər ömür yazıbsa, torpağımda yaşayıb burada da gözlərimi yumacağam...

Fatma Səttarova deyir ki, Azərbaycan tarix boyu dünya ölkələrinin maraq dairəsində olub:

“Ölkəmiz hərtərəfli arzuolunan torpaqlardan, təbii sərvətlərdən ibarətdir. Neftimiz var, qazımız var, münbit torpağımız var, meyvəmiz var, yerüstü-yeraltı sərvətlərimizin sayı-hesabı yoxdur. Bu səbəbdən də hər kəs gözlərini dikib bizim vətənimizə. Gənc nəsil vətənini sevməli qorumalıdır. Heç kimin gözü Azərbaycanda qalmamalıdır. Bizim elə qızlarımız, oğullarımız var ki, Azərbaycan üçün canlarından belə keçərlər. Amma təəssüf ki, elə gənclər də var ki, Vətənimizi sevmirlər. Bu bilirsiniz nə deməkdir? Bu o deməkdir ki, onlar əvvəlcə öz ailələrini sevmirlər. Elə gəncliyə Allah ağıl versin. Mən istəmirəm ki cəmiyyətimizi pis vərdişlər korlasın. Narkomaniya, bizim mental dəyərlərimizə zidd olan davranışlarla cəmiyyətimizi korlamasınlar. Mən tək qadın olaraq 3 oğul böyütdüm, heç biri siqaret belə çəkmirdi. Hər şey ailədən başlayır. Valideynlər övladlarına qarşı son dərəcə diqqətli olmalıdır ki, gələcəkdə sərbəst həyata atılanda cəmiyyətdə müsbət obraz formalaşdıra bilsinlər. Mən övladlarıma demişdim ki, mən ölümün içərisindən keçmiş adamam. Atanız rəhmətə gedib, onun torpağına hörmət edin mənim də sağ canıma. Özünüzü ailəmizə, soyadınıza layiqli şəkildə aparın”.

Xatırladaq ki, F.Səttarovanın nəvələrindən biri elə həmkarımızdır, televiziyalardan birində operator kimi çalışır, Digəri isə güc strukturlarından birində polkovnik kimi çalışır.

Fatma xanım bizi gülərüzlə qarşılayıb, eləcə də yola saldı. Ona can sağlığı arzu edib, növbəti görüşlərə qədər deyirik...

Könül Cəfərli

FOTO: Firudin Səlimov

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

2024-cü ilədək bütün ölkənin internetlə təmini planlaşdırılır - Nazir müavini

SONRAKI XƏBƏR

“Aztelecom” və “Baktelecom” birləşdiriləcək