ABŞ-da COVID-19-a qarşı peyvənd edilməmiş pasiyentə ürək köçürməkdən imtina ediblər

Vaşinqton, 27 yanvar, AZƏRTAC

Boston şəhərinin xəstəxanası pasiyentə ürək köçürməkdən imtina edib.

AZƏRTAC xəbər verir ki, 31 yaşlı xəstə Dicey Fergüsonun yeni ürəyə ehtiyacı var, lakin Bostondakı “Brigham and Women’s Hospital” xəstəxanası onun adını siyahıdan çıxarıb. Bu barədə Fergüsonun atası Devid məlumat verib.

Xəstəxanın nümayəndəsi deyib ki, ürək köçürülməsinə namizədlərin immun sistemi çox zəifləmiş olduğuna görə, onların COVID-19-a qarşı peyvəndlənməsi tələb olunur. Bundan əlavə, əməliyyatın uğurlu olması, habelə transplantasiyadan sonra pasiyentlərin salamat qalmasını optimallaşdırmaq üçün həmin pasiyentlər müvafiq həyat tərzi keçirməlidirlər.

Xəstəxananın bəyanatını belə şərh etmək olar ki, pasiyentə rədd cavab verilməsi vaksinasiyanın olmamasından əlavə başqa amillərlə də bağlı ola bilər, lakin xəstəxanada informasiyanın məxfiliyinə istinad edərək daha ətraflı məlumat verməkdən imtina edilib. Xəstəxana nümayəndələri onu da bildiriblər ki, orqan transplantasiyası gözləyənlərin siyahılarında 100.000 nəfərin adı var. Onların əksəriyyəti yaxın 5 il ərzində belə orqan ala bilməyəcək, çünki münasib orqanlar çatışmır. Fergüson 2021-ci il noyabrın 26-dan xəstəxanadır və irsi ürək xəstəliyindən əziyyət çəkir, bu səbəbdən onun ağciyərlərinə qan və maye dolur.

Fergüsonun müalicəsi üçün vəsait toplanmasının təşkilatçısının sözlərinə görə, Diceyi narahat edən budur ki, onun ürək iltihabı yarana bilər. Bu isə ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin qeyd etdiyi kimi koronavirusa qarşı vaksinasiyanın potensial fəsadıdır. Nadir hallarda baş verən belə fəsadlar, - pasiyetin ürəyinin zəif olması nəzərə alınaraq, - çox təhlükəli ola bilər.

Nyu-York Universitetinin Qrossman Tibb Məktəbinin tibbi etika şöbəsinin rəhbəri doktor Artur Kaplan deyib ki, hər hansı orqan transplantasiyası əməliyyatından sonra pasiyentin immun sistemi demək olar ki, işləmir və hətta adi soyuqdəymə ölümlə nəticələnə bilər.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Ötən il sosial paketlər üçün 5 milyard manat ayrılıb - Sahil Babayev

SONRAKI XƏBƏR

Yüksək Texnologiyalar Parkının inkubator rezidenti Türkiyədə beynəlxalq sərgidə ölkəmizi təmsil edib