Murovda şəhid olandan bir ay sonra oğlu doğulan qubalı baş leytenantın şərəfli döyüş yolu

Murovda şəhid olandan bir ay sonra oğlu doğulan qubalı baş leytenantın şərəfli döyüş yolu

Quba, 27 yanvar, Elxan Yusifli, AZƏRTAC

Vətən müharibəsi şəhidi baş leytenant Rahim Mikayılov Murov silsiləsindəki zirvələr uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Şəhid olduqdan 118 sonra nəşi tapılan qəhrəman döyüşçünün üzünü görmədiyi körpə oğlu Vətənə əmanət qalıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Rahim Qalib oğlu Mikayılov 1990-cı il sentyabr ayının 3-də Quba rayonunun İkinci Nügədi kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetində ali təhsil alıb.

Ali təhsilini başa vurduqdan sonra əsgərliyə yollanan Rahim həyatının qalan hissəsini hərbi sahəyə həsr edib. Qüsursuz xidməti ilə seçilən Rahim xüsusi kurslarda təhsil aldıqdan sonra baş leytenant ali hərbi rütbəsinə yüksəlib. Göygöldə yerləşən hərbi hissədə əvvəlcə taqım, sonra isə həmlə qruplarında bölük komandiri kimi fəaliyyət göstərib.

Rahim Mikayılov Aprel döyüşlərinin də fəal iştirakçısı olub. Döyüşlərdə fərqləndiyininə görə fəxri fərmanla təltif olunub.

“Rahim zarafatcıl idi. Vətənini çox sevirdi. Çox istəyərdim ki, bu Qələbəni o da görsün. Çünki Aprel döyüşlərindən çox böyük qürurla danışırdı. Düşmənə böyük nifrəti vardı. Qələbəni çox arzulayırdı. Müharibənin ilk günü şəhid olduğu xəbərini aldıq. Onlara verilən tapşırığı canla-başla yerinə yetirib, Murovdağda zirvəni düşməndən azad etdikdən sonra şəhid olub. Şəhidlik zirvəsi ən uca məqamdır. Allah bütün şəhidlərimizin məkanını cənnət eləsin”, - deyə şəhidin anası Ulduz Mikayılova bildirib.

Hərbçimizin nəşi 118 gündən sonra tapılaraq Quba rayonuna gətirilib və doğulduğu İkinci Nügədi kəndində torpağa tapşırılıb.

“Rahim bayrağımızı Murov zirvəsinə sancan hərbçilərimizdəndir. Qısa döyüş yolu keçsə də, ən böyük arzularından birini həyata keçirə bildi. O, həmişə Ömər aşırımı haqqında həsrətlə danışardı. Həmin ərazidən düşməni qovacaqları günü səbirsizliklə gözləyirdi. Ali Baş Komandanın rəhbərliyi ilə oğlum hərbçi yoldaşları ilə birlikdə bu arzusuna çatdı. Ömər aşırımı indi əsl sahiblərinin nəzarətindədir”, - deyə şəhid atası Qalib Mikayılov söyləyib.

Rahim Mikayılov ailəli idi. Səbirsizliklə ilk övladlarının dünyaya gəlişini gözləyirdi. Rahim şəhidlik zirvəsinə ucalandan bir ay sonra oğlu Əhməd doğuldu.

O, ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Qubanın İkinci Nügədi kəndi 44 günlük Vətən müharibəsində dörd şəhid verib.

 

Mənbə: azertag.az