İstanbul “örnəyi”: Bakı qara hazırdırmı?

İstanbul “örnəyi”: Bakı qara hazırdırmı?

Türkiyənin İstanbul şəhərinə yağan güclü qar və kəskin hava şəraiti şəhər həyatını iflic etdi. Bələdiyyənin əvvəlcədən hazırlıq tədbirləri görməməsi səbəbindən şəhər əhalisi saysız problemlərlə üzləşdi. Bu günlərdə Bakıda da havanın dəyişəcəyi, qar yağacağı ilə bağlı proqnozlar verilib. Bəs görəsən, Bakı güclü qara hazırdırmı?

Bununla bağlı Axar.az-ın sorğusuna Bakı şəhər İcra Hakimiyyətindən bildirilib ki, Bakı şəhərinin bütün rayonlarında təsdiq edilmiş tədbirlər planına uyğun payız-qış mövsümünə hazırlıq tədbirləri görülüb:

“İlk növbədə şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib. Bir sıra yaşayış və qeyri-yaşayış binalarında təmir işləri aparılıb”.

Qeyd olunub ki, güclü qar yağan zaman onun təmizlənməsi məqsədilə Bakı şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin xüsusi texnikaları, o cümlədən müvafiq qurumların texnikaları səfərbər olunacaq:

“Bu məsələlərə yaradılmış xüsusi qərargah nəzarət edəcək. Həmçinin, yollarda sürüşmə təhlükəsini aradan qaldırmaq üçün duz tədarükü də görülüb”.

 

Mənbə: axar.az