Məktəblilər peşə mərkəzinin təhsil imkanları barədə məlumatlandırılıb

Bakı, 28 yanvar, AZƏRTAC

Yanvarın 28-də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçirilib.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, tədbirin məqsədi məktəblilərə peşə və ixtisas seçimində dəstək olmaq və onlara mərkəzin təhsil imkanları barədə məlumatlandırmaqdan ibarət olub.

Tədbirdə işəgötürənlər, ümumtəhsil məktəblərinin şagirdləri ilə yanaşı, valideyn və müəllim kollektivi, həmçinin uğurlu məzunlar da iştirak ediblər.

Mərkəzin direktoru İdris Musayev iştirakçılara müəssisə haqqında ətraflı məlumat verib. Tədbir iştirakçıları sənaye istiqaməti üzrə müxtəlif peşə ixtisasları barədə maariflənib, mərkəzin ümumi fəaliyyətini əks etdirən təqdimatla tanış olublar.

Tədbirdə işəgötürən qismində “Polymart” şirkətinin insan resursları üzrə mütəxəssisi Səbinə Məmmədova, həmin müəssisədə hazırda tornaçı vəzifəsində çalışan uğurlu məzun Aydın Bayramov və təhsil sahəsi üzrə spiker Toğrul Ələkbər çıxış ediblər. Təqdimatlardan sonra gənclərin və onların valideynlərinin sualları cavablandırılıb. Çıxışlar zamanı peşə təhsilinin əhəmiyyəti, şagirdlərin düzgün peşə seçiminin vacibliyi, əmək bazarında peşə təhsilinin rolu istiqamətində müzakirələr aparılıb.

“Açıq qapı” gününün sonunda mərkəzə infotur təşkil olunub. Şagirdlər mərkəzin praktiki dərslərinin keçirildiyi emalatxanalar, laboratoriyalar və quraşdırılan avadanlıqlarla yaxından tanış olublar.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Vergi borcunun ödənilməsinə hansı hallarda möhlət verilir?

SONRAKI XƏBƏR

AMEA-nın Coğrafiya İnstitunda su və sanitar qovşağı yoxdur