Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib

Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109-1.1-ci maddəsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 110.1-ci və 110.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin - Bakı Apellyasiya Məhkəməsinin hakimi İ.Şirinovun və Milli Məclis Aparatının şöbə müdiri M.Bazıqovun, mütəxəssislər Ali Məhkəmənin Mülki Kollegiyasının sədri S.Hacıyevin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini S.Musayevanın mülahizələrini, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin mülki hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru S.Süleymanlının, mülki proses və kommersiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru A.Mirzəyevanın rəylərini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 58-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109-4.1.1-ci və 112.1-ci maddələrinə uyğun olaraq, kooperativ üzvlərinin könüllülük prinsipi əsasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada kooperativə daxil olmaq və kooperativdən çıxmaq hüququ vardır.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109-1.1-ci maddəsinin "kooperativ beşdən az olmayan fiziki və (və ya) hüquqi şəxslər tərəfindən yaradılır” və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 110.1-ci maddəsinin “mənzil-tikinti kooperativinin üzvlərinin sayı beşdən az ola bilməz” müddəaları təşkilati-hüquqi formasına görə kooperativin yaradılmasına və fəaliyyət göstərməsinə yönələn ümumi tələbdir. Beşdən az üzvü olan hüquqi şəxs mənzil-tikinti kooperativi formasında yaradıla və ya fəaliyyətini davam etdirə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 111.3.3-cü maddəsinə müvafiq olaraq, kooperativ üzvlərini qəbul etmək və çıxarmaq kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir və bu səlahiyyət kooperativ üzvünün könüllü iradəsi olduğu təqdirdə onun çıxarılmasını da ehtiva edir.

Kooperativin yaradılması zamanı qarşıya qoyulan məqsədə nail olunmuşsa, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.5-ci maddəsinin tələbinə görə, kooperativin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Mənbə: azertag.az